Millət vəkili ölkə gündəminin əsas mövzularından danışıb AÇIQLAMA

Millət vəkili ölkə gündəminin əsas mövzularından danışıb AÇIQLAMA

"Azərbaycan üçün həssas bir məqamda düzgün olmayan siyasi bəyanatların verilməsi cəmiyyətdəki milli birliyə mənfi təsir göstərən amillərdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, millət vəkili Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, cəbhədə baş verən son hadisələr Azərbaycan xalqının milli birliyini, həmrəyliyini, cəmiyyət olaraq ordumuzun yanında olduğunu bir daha göstərdi: "Cəmiyyətin bütün sosial qruplarında həmrəylik müşahidə olundu. Orduya qoşularaq müharibəyə getməyə hazır olan insanların böyük hissəsini gənclər təşkil etdiyindən onlar belə düşüncəsiz bəyanatlara kəskin reaksiyalar verirlər. Müharibə gedən ölkədə belə həssas dövrdə özünə siyasətçi deyən insanlar dedikləri sözlərə yaxud da atacaqları addımlara diqqət etməlidirlər. Əfsuslar olsun ki, Əli Kərimlinin bəyanatları, fikirləri erməni mətbuatında geniş işıqlandırıldı. Onun milli birliyə mənfi təsir göstərən fikirləri ölkə gəncliyi tərəfindən böyük etirazlarla qarşılandı. Müxalif olmaq olar, amma söhbət Vətəndən, milli birlikdən, şəhidlərdən gedirsə burada müxalif olmaq lazım deyil. İnanıram ki, Əli Kərimli bir daha belə hallara yol verməyəcək".

Sosial mənzillərin tikintisi məsələsinə də toxunan Şahin İsmayılov bu ideyanın uzun müddətdir ki, ölkə gündəmini əsas mövzusu olduğunu deyib: "Cənab Prezidentin artıq bununla bağlı müvafiq göstərişi var. Yeni ailə quranların böyük əksəriyyəti gənclərdir və onlarda sosial təminat baxımından mənzil məsələsi böyük problem idi. İndi ölkədə həyat səviyyəsi normaldır, insanların işlə məşğulluq faizi yüksəkdir amma bu onların mənzil alması üçün yetərli deyil. Bu baxımdan yeni ailə quranların, əhalinin aztəminatlı hissəsinin sosial mənzillərlə təmin olunması məqsədilə həyata keçiriləcək işlər olduqca əhəmiyyətlidir. Gənclər arasında bu ən çox müzakirə olunan məsələdir. Düşünürəm ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə