Türkiyə harada səhvə yol verdi? Açıqlama

Türkiyə harada səhvə yol verdi? Açıqlama

"Əslində açılım adı altında separatçı qruplaşmalara zaman tanındı". Bu sözləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib.

O, Türkiyənin hazırkı vəziyyətinin prezident Rəcəb Tayyib Ərdoğanın apardığı səhv siyasətin nəticəsi olduğunu təsdiqləyib: "Təəssüf ki, hazırkı mənzərə AKP-nin (Ədalət və İnkişaf Partiyasının) izləmiş olduğu Yaxın Şərq siyasəti və eləcə də PKK ilə "kürd açılımı" adı altında aparılan müzakirələrin nəticəsidir. Daxili və xarici faktorların da birgə formalaşdırdıqları bu təhdidlər ölkədə həm regional, həm də daxili münaqişəyə zəmin yaratdı. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı faktiki olaraq ciddi təhlükəsizlik böhranı keçirən Türkiyə daxili və xarici təhdidlərə qarşı daha həssaslaşıb. Xarici faktorları İraq və Suriyada yaşanan geosiyasi çöküşün ortaya çıxardığı təhdidlər formalaşdırır. Daxili faktorları isə adlarını çəkdiyimiz ölkələrdə gedən proseslərdə aktiv iştirakçı olan PKK və İŞİD başda olmaqla terror qruplaşmaları təmsil edir".

Analitik bildirib ki, bu gün Türkiyə cümhuriyyət tarixində ilk dəfə həm xaricdən, həm daxildən terror hədəfinə məruz qalır: "Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Türkiyənin PKK terrorunu aşmaq və İŞİD təhdidini sərhədləri xaricində tuta bilməsi üçün partiya və ya şəxs deyil, millətin mənafelərini ön planda tutan, davamlı olaraq barış və təhlükəsizliyi təmin edəcək siyasətə dayanan bir anti-terror strategiyasına ehtiyacı var".

V. Zifəroğlu qeyd edib ki, əgər Türkiyə kürdlərlə danışıq aparmaq üçün mübarizəyə fasilə verməsəydi vəziyyət bu dərəcəyə gəlməyəcəkdi və separatçılar daha güclü və mütəşəkkil formada ortaya çıxmayacaqdılar: "Əslində açılım adı altında separatçı qruplaşmalara zaman tanındı. Və separatçılar da bu zamandan güclənmələri üçün kifayət qədər ciddi şəkildə istifadə edə bildilər".

Bütün xəbərlər Facebook səhifəmizdə