“Parlament - 2015” Seçki Monitorinq Koalisiyası hesabatını təqdim etdi FOTOLAR

“Parlament - 2015” Seçki Monitorinq Koalisiyası hesabatını təqdim etdi FOTOLAR

Beş qeyri-hökumət təşkilatı tərəfindən yaradılan "Parlament - 2015" Seçki Monitorinq Koalisiyası Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq mətbuat konfransında koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, monitorinqin həyata keçirilməsi üçün 500 müşahidəçi hazırlanaraq 118 seçki dairəsinə ezam edilib. Belə ki, monitorinq aparılmış bütün dairə ə məntəqə seçki komissiyalarının işi qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib: "Səsvermə məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilib və hazır vəziyyətə gətirilib. Seçici siyahıları təkmilləşdirilib və MSK-nın internet səhifəsində yerləşdirilib. Koalisiya hesab edir ki, bütün bunlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə münbit şərait yaradıb".

Koalisiyanın üzvü Vüqar Bayramov da çıxışında namizədlərin qeydə alınması prosesinin müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparıldığını, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntuları baş vermədiyini deyib. V.Bayramov diqqətə çatdırıb ki, namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilib və vaxtaşırı yenilənib.

Koalisiya hesab edir ki, 1000 məntəqədə veb kameraların quraşdırılması, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiyaların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsi və seçkilərə ictimai nəzarət yetərincə təmin olunur. Hesabatda qeyd olunur ki, seçkilərdə 125 deputat mandatı uğrunda 767 nəfərin mübarizə aparması, yəni 1 yer uğrunda 6 namizədin yarışması, 16 siyasi partiya və ölkədə siyasi plüralizmin səviyyəsinin yüksək olduğunu nümayiş etdirir.

Hesabatda qadınların bu seçkidə daha fəal olduğu xüsusi vurğulanır. Bildirilir ki, qeydə alınan namizədlərdə 170 nəfərdən çoxu qadındır. Yekun olaraq qeyd olunub ki, koalisiya tərəfindən keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti seçki prosesinin ümumilikdə demokratik mühitdə cərəyan etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə