ARGTMŞ MSK-ya məlumat turu təşkil edib

ARGTMŞ MSK-ya məlumat turu təşkil edib

27 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan növbəti məlumat turu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) keçirilib. SİA-nın məlumatına görə, məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.

Tur zamanı iştirakçılara rəhbərlik tərəfindən müstəqil Azərbaycan dövlətinin vacib qurumlarından olan Mərkəzi Seçki Komissiyasının yaranma tarixi, görülmüş işlər və perspektiv planlar haqqında ətraflı məlumat verilib. Daha sonra müxtəlif növ seçki və referendumların hazırlanması və keçirilməsi, seçki bülletenləri, seçici siyahıları, səsvermə protokolları və referendum sənədlərinin tərtib edilməsi qaydalarından danışılıb. Məlumat turunda gənclər MSK-nın özünü idarəetmə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sisteminin təşkili, seçki və referendumlar zamanı səsvermənin nəticələrinin müəyyən edilməsi, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar təlimlərin təşkili barədə müvafiq informasiyalar təqdim olunub.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi", "Quba Soyqırım Memorial Kompleksi", "Sağlam Ailə" klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə məlumat turları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə