Ermənistan müxalifəti Sarkisyan rejiminin apardığı yarıtmaz siyasətinə etiraz əlaməti olaraq ardıcıl mitinqlər keçirmək qərarına gəlib. SİA "Azadlıq" radiosunun erməni bürosuna istinadən xəbər verir ki, Ermənistan İnqilabi Federasiyası-"Daşnaksyutun"un gənclər ittifaqı müxalifətin elektrik enerjisinin qiymətinin bahalaşmasına qarşı başlatdığı "Oğurluğa yox!" şüarı ilə keçiriləcək etiraz mitinqlərinə qoşulacaq. Aksiyalar mayın 27-dən başlayaraq, Ermənistanın hökumət binası qarşısında keçiriləcək.
"Daşnak"ların təmsilçisi Müsrop Yesayan isə bildirib ki, elektrik enerjisinin qiyməti qalxsa, xalq daha da səfil vəziyyətə düçar olacaq: "Qiymətlərin artımı xalqın daha səfil vəziyyətə düşməsinə, eləcə də ölkəni tərk etməsinə zəmin yaradır. Bu dalğa böyüyəcək".
Ermənistanın daha bir müxalifət qurumu hesab edilən "Prlament təsisatı" hərəkatı da elektrik enerjisi tariflərinin artımına etiraz olaraq, Sarkisyan rejimini mühasirəyə almaq qərarına gəlib. Hərəkat sədri Qaregin Çuqazyan isə bildirib ki, onun rəhbərlik etdiyi qurum ölkə müxalifətinin bütün qanadlarına dəstək verməyə hazırdır: "Biz gərək ölkənin müxalifət gücləri ilə konsolidasiyaya gedək. Xüsusilə, bizim həbsimiz zamanı səsimizə səs verənlərlə daha sıx əməkdaşlıq qurmalıyıq. O qüvvələrlə ki, onlar da ölkənin necə yox olduğunun şahidinə çevrilməkdədirlər. Lakin biz nəinki ölkəni, eləcə də xalqı itiririk. Çünki Ermənistan tamamilə boşalmaq təhlükəsini yaşayır. Ona görə də bizim bundan sonra növbəti seçkiləri gözləyərək, daha iki-üç il dözməyə nə vaxtımız, nə də zamanımız qalıb. Yeganə yolumuz növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq məsələsidir. Biz bu rejimi mühasirəyə alaraq, onun iqtidardan getməsinə nail olmalıyıq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB