Millət vəkili: ““Amnesty İnternational”ın mövqeyi qərəzlidir”

Rauf Əliyev: “İdman sülhdür, nə üçün boykot olunmalıdır?”
Millət vəkili: ““Amnesty İnternational”ın mövqeyi qərəzlidir”

"Hamıya bəllidir ki, "Amnesty İnternational" adlı beynəlxalq təşkilat uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır". Bunu SİA-ya millət vəkili Rauf Əliyev adı çəkilən təşkilatların I Avropa Oyunlarını boykot etmə çağırışına münasibət bildirərkən deyib.

R. Əliyev deyib: "Bu idman yarışıdır. Nəyə görə baykot olunmalıdır? İdman sülhdür, bərabərlikdir, insanları birləşdirir. Artıq bütün Avropa ölkələri bəyan ediblər ki, oyunlarda iştirak edəcəklər. Yəni, oyunlara qatılacaqlarını təsdiqləyiblər. Nəinki öz ölkələrinin iştirakını, hətta, nə qədər məşqçi, idmançı gələcəyini belə təsdiq ediblər. Ona görə hansı boykotdan söhbət gedə bilər və nəyə görə boykot olunmalıdır?".

R. Əliyev qeyd edib ki, müxtəlif bir təbəqə var və onlar Azərbaycana qarşı qaralama kampaniyası aparmağa çalışırlar: "Onlar Azərbaycanı insan haqlarını pozulduğu, inkişaf etməyən bir ölkə kimi təqdim etməyə çalışırlar. Amma əslində elə deyil, Azərbaycan tam olaraq yüksək səviyyədə oyunlara hazırdır və gələn bütün qonaqlar da bunu görəcəklər. Ən yüksək səviyyədə bu oyunlar keçiriləcək. Maddi texniki baza, olimpiya şəhərciyi hazırlanıb. Yəni oyunlara hazırlıq yüksək səviyyədədir. Tam səmimiyyətlə bütün qonaqları, idmançıları, məşqçiləri Azərbaycana, Avropa oyunlarında iştiraka dəvət edirik. Azərbaycan oyunları yüksək səviyyədə keçirməklə göstərəcək ki, ölkəmiz çox tolerant bir ölkədir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda Olimpiya Oyunları, Avropa və Dünya çempionatları da keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə