Deputatlarımız Gürcüstan səfirliyində olub FOTO

Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva və qrupun üzvü Rasim Musabəyov Gürcüstanın keçmiş prezidenti, görkəmli siyasi və dövlət xadimi Eduard Şevardnadzenin vəfatı münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib. SİA-nın məlumatına görə, səfirlikdə xatirə dəftərinə ürək sözlərini yazan millət vəkilləri, Eduard Şevardnazdenin ümummilli lider Heydər Əliyevlə uzun illərə dayanan möhkəm dostluğunu, iki qonşu respublika arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edən böyük layihələri qeyd ediblər.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva və üzvü Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan bir tarixi şəxsiyyət kimi xarakterizə edib, onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığını çatdırıb.

Səfir Teymuraz Şaraşenidze millət vəkillərinə öz təşəkkürünü bildirərək, Azərbaycan və gürcü xalqlarının tarixə dayanan dostluğunun bundan sonra da daha inkişaf edəcəyini inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri və aparılan müzakirələr, hər iki prezidentin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edən sabit mövqeyi və perspektivə hesablanmış addımları minnətdarlıqla xatırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...