Elmar Məmmədyarov Hondurasın xarici işlər nazirini qəbul edib FOTOLAR
Bu gün nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycanın Mərkəzi Amerika ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycan ilə Honduras arasında siyasi, iqtisadi, maliyyə, turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov Honduras Milli Konqresinin 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanınması barəsində qəbul etdiyi Qərarın Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Mireya Aquero de Korrales Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilməsinin ona böyük şərəf verdiyini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin inkişafı naminə öz töhfəsini əsirgəməyəcəyini deyib. O, Azərbaycanda səfərdə olduğu müddətdə ölkələrimiz arasında neft-qaz, maliyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlığın qurulması üzrə məhsuldar müzakirələr apardığını diqqətə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün beynəlxalq hüquqa zidd və qeyri-ədalətli olduğunu deyən Mireya Aquero de Korrales beynəlxalq ictimaiyyətin bu işğala qarşı öz münasibətini bildirməli olduğunu söyləyib.
Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Honduras Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin mexanizminin yaradılması haqqında protokol imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB