Asəf Quliyev köhnə düşərgədaşlarını yenidən İTTİHAM ETDİ

“Ya kişi kimi olsunlar, ya da heç yerli dibli olmasınlar”

"Xalq arzusu" Hərəkatı yaratdıqdan sonra köhnə düşərgədaşlarının ittihamları ilə qarşı-qarşıya qalan eks-Cəbhəçi Asəf Quliyev növbəti ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, AXCP sədrinin keçmiş müavini ənənəvi müxalifətdə yeni fikrin ortaya qoyulması, bunun qəbul edillməsi istiqamətində problemlərin yaşandığı qənaətindədir: "AXCP də cəmiyyətin bir hissəsidir və çox vaxt insanlar nə istədiklərini özləri də bilmirlər. Dünən bir status yazmışam, o saat Müsavatdakı və Cəbhədəki dostlarımız əleyhimə yazı yazıblar. Baxıb görürsən ki, yeni fikir qəbul olunmur".

"İnsanları aldadırıq, onların taleyi üzərindən siyasət qururuq"

Milli Şurada baş verən proseslərə etiraz olaraq oranı tək etdiyini xatırladan Hərəkat rəhbəri qeyd edib ki, qurumun fəaliyyəti yarıtmaz olub: "Özü də mən bu cür yarıtmaz, nəticəsizliyi əvvəlcədən bilinən prosesə siyasi etiraz olaraq istefaya getmişəm. Məncə Azərbaycanda bu cür bloklar, birliklər alınmır. Təbii ki, hamının arzusudur və könül istərdi ki, gerçək birlik baş tutsun. Amma zorla gözəllik olmaz ki, alınmır da qardaş. Məsələn, mən hesab edirdim ki, AXCP və Müsavat bu seçkilərə ayrı-ayrılıqda getsəydi, onun effekti Milli Şura formatından daha artıq olacaqdı. Amma mən sadəcə üsyan etdim ki, ay qardaş, bəsdir daha, yetər. 20 ildir həyatımızı qoyduq, ömrümüzü məhv elədik. İnsanları aldadırıq, onların taleyi üzərindən siyasət qururuq".

"Bilməlidirlər ki, dost acı da olsa həqiqəti deyər" - deyə bildirən A.Quliyev hazırkı vəziyyəti biabırçı adlandırıb: "Yoxsa bu cür biabırçı vəziyyətdə fəaliyyət göstərməkdənsə, ya kişi kimi olsunlar, ya da heç yerli dibli olmasınlar. Əks halda, AXCP ilə Müsavatın sosial şəbəkələrdəki didişmələri bütövlükdə cəmiyyətə mənfi təsir edir. Camaat bu didişməni görür və söyür".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...