ATƏT yenidən Avropa Şurası və Avropa Parlamenti ilə birgə müşahidə missiyalarını həyata keçirməlidir

ATƏT yenidən Avropa Şurası və Avropa Parlamenti ilə birgə müşahidə missiyalarını həyata keçirməlidir

Avstriyanın Mətbuat Agentliyi (APA) Avropa Şurası müşahidə missiyasının tərkibində Azərbaycan Prezidenti seçkilərini müşahidə etmiş Avstriya Federal Şurasının və Sosial-Demokratlar Partiyasının üzvü Ştefan Şennaxın seçkilərlə bağlı fikirlərini yayıb.

Avstriya Sosial-Demokratlar Partiyasının parlament fraksiyasının mətbuat məlumatı kimi yayılmış sənədin girişində Ş.Şennax ATƏT-in seçkinin nəticələri ilə bağlı mövqeyini şərh edərək bildirib: "ATƏT müəyyən ölkələrə qarşı total tənqidi ilə öz roluna sadiq qalmışdır".

Oxucuların diqqəti maraqlı bir məqama yönəldilib ki, həm Avropa Parlamenti, həm də Avropa Şurasının müşahidəçiləri həmin mövqeni bu formada paylaşmır və anlaya bilmirlər.

Şennaxın sözlərinə görə, regionun davam etməkdə olan münaqişələrə (Dağlıq Qarabağ, Abxaziya, Osetiya) rəğmən son üç-beş ildə demokratiya cəhətdən inkişaf etdiyini müsbət dəyərləndirmək lazımdır.

Mətbuat məlumatının sonunda ATƏT-in ünvanına tövsiyə də yer alıb.

Ş.Şennaxa görə, ATƏT üçün yaxşı olardı ki, yenidən Avropa Şurası və Avropa Parlamenti ilə birgə müşahidə missiyalarını həyata keçirsin.

Xatırladaq ki, Ş.Şennax son illərdə Cənubi Qafqaz ölkələrində keçirilmiş bütün seçkilərdə müşahidəçi qismində iştirak edib və əvvəlcədən hazırlanmış mətnlər əsasında bəyanat verən şəxslərdən fərqli olaraq, regiona yaxından bələd olan siyasətçidir.

Bütün xəbərlər Facebook səhifəmizdə