Seymur Orucov: ""Sərhədsiz Reportyorlar"ın Azərbaycana qarşı qərəzli mövqeyi bəllidir"

Seymur Orucov: ""Sərhədsiz Reportyorlar"ın Azərbaycana qarşı qərəzli mövqeyi bəllidir"

""Sərhədsiz Reportyorlar" təşkilatı və digər bu kimi qurumlar Azərbaycana qarşı çox qərəzli mövqedə dururlar. Onlar Azərbaycandakı inkişafı bəyənmir, ya da ölkəmizlə bağlı informasiya aldıqları mənbələr onlara düzgün məlumatlar vermir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "Sərhədsiz Reportyorlar" təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, jurnalistika sahəsindəki problemlər dünyanın hər yerində mövcuddur: "Elə bir ölkə ola bilməz ki, orada jurnalistika ilə bağlı hər şey qaydasında olsun. Bir faktı xüsusi ilə vurğulamaq istərdim ki, Azərbaycan mediasına dövlət tərəfindən hər zaman dəstək göstərilir. Ən böyük nailiyyət isə odur ki, 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuatda senzura ləğv edildikdən sonra məkanda yeni inkişaflar başladı".

"Təbii ki, jurnalistika sahəsinin də özünəməxsus problemləri var. Müxalifət yönümlü mətbuat orqanı hansısa dövlət məmuru haqqında istədiyi böhtan xarakterli yazılar yazır, hətta təhqirdən istifadə edirlər. Mətbuat hər zaman düzgün və şəffaf olan məlumatları verməlidir. Müxalifət düşərgəsində olan mətbuat nümayəndələri elə bir yol seçiblər ki, guya Azərbaycanda hər şey qaradır. Yazılarda hər hansı bir inkişafdan söhbət getmir. Təbii ki, bu da tamamilə absurtdur. Bir daha qeyd edim ki, bu kimi təxribat xarakterli informasiyalar hər zaman olub, bundan sonra da davam edəcək. Mövqeyimizə gəldikdə isə, təbii ki belə əsassız və heç bir faktla əlaqəsi olmayan fikirləri pisləyirik",- deyə YAP GB-nin sədri fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə