ATƏT narahatdır

Lamberto Zanyer: "Təkcə bu il münaqişə bölgəsində 28 nəfər öldürülüb"

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin pisləşməsindən ciddi narahatdır. Bunu "İnterfaks"a ATƏT-in baş katibi Lamberto Zanyer bildirib. O deyib ki, uzanan münaqişələrin həlli İrlandiyanın və ATƏT-in prioritetlərindən biridir.

Lamberto Zanyerin sözlərinə görə, Dnestryanı münaqişəsinin nizamlanmasında müəyyən irəliləyiş olsa da, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət beynəlxalq müşahidəçilərdə nikbinlik yaratmır: "Hamı irəliləyişin olmamasından və ayrı-ayrı yerlərdə vəziyyətin pisləşməsindən narahatdır. Təkcə bu il 28 nəfər öldürülüb. Şəxsən mən bu narahatlığı bölüşürəm".

ATƏT-in baş katibi deyib ki, ATƏT Minsk qrupunun və onun həmsədrləri Rusiya, Fransa və ABŞ-ın səylərini dəstəkləyir: "Lakin hər iki tərəf dinc danışıqlar yolu ilə sülh razılaşmasının əldə edilməsi üçün siyasi iradə nümayiş etdirməsə, heç bir beynəlxalq səy nəticə verə bilməz. Mən bunu Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdə də demişəm. Yalnız danışıqların ruhuna qayıdış və gələcəyə meyllənmək bölgədə çoxdan gözlənilən təhlükəsizliyi təmin edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə