Müxalifət ABŞ səfirliyinə "ayaqaşdı" edib

Müxalifət ABŞ səfirliyinə "ayaqaşdı" edib

Bu gün müxalifət partiyalarının liderləri ağaları ilə görüşmək üçün ABŞ səfirliyində olublar. SİA-nın verdiyi məlumata görə, bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu xəbər verib. Dindar partiya sədrini xristian qapısına aparan səbəblərdən danışan Mirmahmud bəy bildirib ki, ABŞ səfiri Riçard Morninqstarın təşəbbüsü ilə keçirilən görüşdə Müsavat, KXCP, AXCP və digər partiyaların rəhbərləri iştirak edib.

M.Mirəlioğlu onu da qeyd edib ki, görüşdə Azərbaycanda, regionda baş verən proseslər, o cümlədən Qarabağ mövzusu geniş müzakirə olunub.

Əldə etdiyimiz məlumatda isə bildirilir ki, R.Morninqstarın səfir təyin olunduğu gündən bəri müxalifət liderləri ilə keçirilən ikinci görüş zamanı müxalifət adətinə uyğun olaraq səfirdən onlara gələn il keçiriləcək prezident seçkilərində dəstək olmağı xahiş ediblər. "İnsan haqlarının, siyasi məhbus məsələsinin acınacaqlı durumda olduğunu" deyən müxalifət təmsilçiləri mitinqlərin keçirilməsinə dəstək verilməsini də gündəmə gətiriblər.

ABŞ səfirinin bu barədə açıqlama verəcəyi gözlənilsə də bu, günün sonuna qədər baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə