Ağdamda Şəhidlər Abidə Kompleksi qarşısında anma mərasimi keçirilib
Ağdamın erməni təcavüzkarları tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar rayonun Şəhidlər Abidə Kompleksi qarşısında anma mərasimi keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Mərasimdə çıxış edənlər ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Tədbir iştirakçıları bildirib ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kv/km ərazisinin 76,4 faizini - bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və ya yandırıb. Hərbi əməliyyatların aparıldığı dövrdə Ağdamda 6 min soydaşımız şəhid olub. Onların arasında qocalar, qadınlar və uşaqlar da vardır. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hazırda rayonun 180 minə yaxın əhalisinin 130 mini məcburi köçkün həyatı yaşayır. Ağdamlı məcburi köçkünlər üçün rayonun işğal olunmamış ərazisində hər cür şəraitə malik 17 qəsəbə inşa edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB