Bakı indi də İslam ölkələrini qarşılamağa hazırlaşır

Prezident bununla bağlı sərəncam verdi, təşkilat komitəsi yaratdı


Prezident İlham Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. SİA-nın Azərtac-a istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir ki, İslam Həmrəyliyi Oyunları keçirilməyə başlandığı dövrdən etibarən dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb edib: "Həmin oyunlarda Azərbaycanın fəal iştirakı və idmançılarımızın uğurlu nəticələri bir daha respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları nümayiş etdirəcək, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcəkdir".


Dövlət başçısı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:


1. Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:


Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Təşkilat Komitəsinin üzvləri


Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

İlqar Rəhimov – Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

Fərid Mansurov – Olimpiya çempionu

Namiq Abdullayev – Olimpiya çempionu

Zemfira Meftəhətdinova – Olimpiya çempionu

Elnur Məmmədli – Olimpiya çempionu

Nizami Paşayev – İslam Həmrəyliyi Oyunlarının çempionu


2. Təşkilat Komitəsi Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin.


3. Təşkilat Komitəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Bakı şəhərinin namizədliyinin sifariş kitabını hazırlasın.


4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...