Azərbaycan Prezidenti İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilib

Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) yaradılmasının 30 illiyi münasibətilə Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə mayın 3-də İSESCO-nun mənzil- qərargahında yubiley mərasimi keçirilib.

SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildiriblər ki, mərasimdə Baş nazir A.Benkiran başda olmaqla Mərakeş Krallığı hökumətinin üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov iştirak ediblər.

Bir gün əvvəl – mayın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri səfir S.Ağabəyovla görüşüb.

Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubu, İSESCO-nun 30 illik yubiley xatirə qızıl medalını və "İSESCO: 30 ilin nailiyyətləri" adlı kitabı ali ünvan sahibinə çatdırılmaq məqsədilə səfirə təqdim edib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim olunub.

Qurani Kərimdən ayələrin oxunması ilə başlamış yubiley mərasimində Baş nazir A.Benkiran Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubunu oxuyub.

Sonra baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etmiş, İSESCO-nun 30 ildə gördüyü işlərdən və perspektiv vəzifələrdən danışıb, 30 illik yubiley xatirə qızıl medalını Baş nazir A.Benkirana təqdim edib.

Daha sonra İSESCO-nun 30 illik fəaliyyəti haqqında film nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə dövlətimizin yüksək mükafatının – "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi də filmdə əksini tapmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə