Turan İbrahimov: “Müxalifətin ümummilli dəyərlərdən və xalqın adından danışmağa heç bir haqqı yoxdur” - AÇIQLAMA

Turan İbrahimov: “Müxalifətin ümummilli dəyərlərdən və xalqın adından danışmağa heç bir haqqı yoxdur” - AÇIQLAMA

Məlum olduğu kimi, İctimai Palata 8 apreldə mitinq keçirməyə qərar verib. Hər zaman olduğu kimi, fərqli niyyətlərə və çirkin məqsədlərə xidmət edən müxalifət nümayəndələri bu dəfə ölkədə islahatlar aparılması, növbədənkənar parlament seçkisi keçirilməsi, insan hüquq və azadlıqlarına, o cümlədən \"sərbəst toplaşmaq, ifadə, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvi\", \"siyasi məhbusların azadlığa buraxılması\" kimi bir sıra tələblər irəli sürəcəklərini deyiblər.

Azərbaycanın "Avroviziya-2012" müsabiqəsinə ev sahibliyi etmək üçün hazırlıq işləri gördüyü bir vaxtda radikal müxalifət nümayəndələrinin bu coşğusu əslində gözlənilən idi. Lakin müxalifət nümayəndələrinin adət halını almış bu cəhdləri bu dəfə daha böyük məqsədlərə hesablanıb. Məsələ ilə bağlı ictimai-siyasi proseslərdə aktiv mövqeyi ilə diqqət çəkən jurnalist Turan İbrahimov SİA-ya açıqlama verib.

İbrahimov müxalifətin növbəti cəhdini çırpınış kimi qiymətləndirib. O bildirib ki, radikal müxalifət nümayəndələri yox olmuş, heç bir əhəmiyyət daşımayan mövqelərini qorumaq üçün çırpınırlar: "Müxalifət nümayəndələrinin bu cür reallıqdan uzaq olan səbəblər və özlərinə yaraşan məqsədlərlə təşkil edilən mitinqləri artıq adət halını alıb. Lakin bu ilin Azərbaycanın həm taleyində, həm də tarixində önəmli il olduğun nəzərə alsaq, müxalifətin niyyətini təxmin etmək o qədər də çətin deyil. Avroviziya kimi mötəbər və məşhur bir tədbirə ölkəmizin ev sahibliyi etməsinə çox az vaxt qalıb. Ölkə daxilində bütün sahələrdə bu tədbir üçün həyəcanla hazırlıq işləri gedir. Bu ərəfədə radikal müxalif düşərgənin həddindən artıq aktivləşmə cəhdi fikrimcə, onların çoxdandır yox səviyyəsinə enmiş mövqelərinin qorunub saxlanması üçün növbəti cəhtdən başqa bir şey deyil. Bütün dünyanın nəzərinin ölkəmizə çevrildiyi məqamda bir qrup gənci pafoslu ideallar naminə küçələrə töküb, polislə qarşıdurmaya sövq edənlərin nəyə nail olmaq istədikləri açıq aydın ortadadır. Belə ki, bu qarşıdurmalar vasitəsilə əldə edəcəkləri foto və videolar onlara müəyyən donorlardan pul qoparmaq üçün əyani vəsait rolunu oynayacaq. Nəticədə, müxalifət liderləri müəyyən dairələrin diqqətini cəlb edə biləcəklər".

Müxalifət düşərgələrinin niyyətlərini açıq formada tənqid edən Turan İbrahimov onların ümumiyyətlə, ölkəmizlə bağlı fikir bildirməyə haqqları olmadığını da qeyd edib: "Avroviziya Azərbaycanın mövcud durumunun, haqq səsinin və nailiyyətlərinin dünyadakı sıravi insanlara, eyni zamanda bilib də qəbul etməyənlərə çatdırılması üçün son dərəcə gözəl şansdır. Bu şansı dar maraqları naminə istismar edən şəxs və qrupların ümummilli dəyərlərdən və xalqın adından danışmağa heç bir haqqı yoxdur".

Mövqeyi və faktlara əsaslanan düşüncələri ilə seçilən fəal jurnalist mitinqlərlə yanaşı, son günlərdə Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılovanın şantaj olunması ilə bağlı mətbuata verdiyi açıqlamalarına da münasibət bildirib.

İbrahimov istənilən jurnalistin təzyiqə məruz qalmasını şiddətlə qınasa da, məsələnin başqa tərəfləri olduğunu və niyyətlərin fərqliliyini diqqətə çatdırıb: "Təbii ki, istənilən halda heç bir jurnalistin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalmasını istəmərəm. Bu cür üsullara əl atanları şiddətlə qınasam da, Xədicə İsmayılova ilə bağlı məsələdə müəyyən məqamlar var ki, onlar şəxsən məni ciddi düşündürür. Məncə bu məsələdə, mövcud situasiyada maraqlı olan üçüncü qüvvənin rolu ehtimalı daha böyükdür. Çünki Azərbaycan hökumətinin qınanılacaq duruma salınması niyyəti çoxlarında ola bilər. Elə Avroviziya öncəsi radikal müxalifətin çirkin və adiləşmiş cəhdləri də bunun bariz nümunəsidir. \"Bu hadisənin məsuliyyəti birmənalı şəkildə iqtidarın üzərindədir" cümləsini dəfələrlə vurğulamaq məsələni şüurlu şəkildə dramatikləşdirmək niyyətini güdür. Ümid edirəm və əminəm ki, hüquq-mühafizə orqanları ən qısa zamanda bu məsələyə aydınlıq gətirəcək və həqiqətlər hər kəsə məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə