Xocalı faciəsinə həsr edilmiş "Sonu olmayan dəhliz" filminin təqdimatı olub - FOTOSESSİYA
Heydər Əliyev Fondunun dəstəyi ilə "Nizami" Kino Mərkəzində martın 11-də "Qafqazda sülh" beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan "Sonu olmayan dəhliz" adlı sənədli filmin siqnal variantının təqdimatı olub. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, təqdimat "Xocalıya ədalət" Beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilib və Xocalı faciəsinin 20 illiyinə həsr olunub. Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən bəhs edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tədbirdə çıxış edərək filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirib.
"Xocalıya ədalət" Beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva bildirib ki, bu film Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq: "Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim ürəyimizdə yaşayacaq. Göstəriləcək film xarici jurnalistlər tərəfindən hazırlanıb. Bu film 1992-ci il fevralın 26-da Xocalıda törədilən faciədən bəhs edir. Fikrimcə, bu film həmin dəhşətli hadisələri dəqiqliyi ilə və faktlarla əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycan xalqı Xocalı faciəsinin 20 illiyini qeyd edir və biz bununla əlaqədar dünyanın bir çox yerlərində müxtəlif tədbirlər keçirmişik. Bu dəhşətli faciədə günahsız yerə öldürülən və işgəncəyə məruz qalan qocaların, qadınların və körpələrin xatirəsi daim ürəyimizdə yaşayacaq. Biz inanırıq ki, bu dəhşətli faciə tezliklə beynəlxalq qiymətini alacaq, hadisənin günahkarları isə cəzalandırılacaq".
Leyla Əliyeva qeyd edib ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumunun xətti ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyət davam etdiriləcək.
Tədbirdə filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lopaytis də çıxış edib. O bunları deyib: "Ağdamda könüllü kimi yardım etdiyim vaxtlar və daha sonra münaqişə bölgəsinə etdiyim səfərlər zamanı şahidi olduğum hadisələri öz gündəliyimdə yazırdım. Keçən illər ərzində mən yazılarıma dəfələrlə qayıdıb: "Kim? Niyə? Nə üçün?" suallarına cavab tapmağa çalışırdım. Biləndə ki, mənim həmyerlilərim, kinematoqrafçılar bu suallarla və bir növ şahid kimi mənim qeydlərimlə maraqlanırlar, filmdə iştirak etmək qərarına gəldim".
Jurnalist qeyd edib ki, filmdə Ermənistan və Azərbaycanda münaqişəyə dair rəsmi dairələrin mövqeyi əksini tapmayıb: "Ona görə də hər iki ölkədə yaradıcı heyətin mövqeyi ilə razılşmayanlar da ola bilər. Mənim üçün əsas olan bütün dünyanın Xocalı haqqında bilməsidir. Məhz bu, ədalətin bərpa olunmasının əsas şərtidir".
Leyla Əliyevanın və "Xocalıya ədalət" kampaniyasının fəaliyyətini yüksək qiymətləndirən litvalı jurnalist həmçinin qeyd edib ki, kampaniyanın peşəkarcasına aparılması və obyektivliyi cəkiliş qrupuna siqnal nümayişinin məhz kampaniya çərçivəsində keçirilməsi haqqında qərar qəbul edilməsinə təsir göstərib. "Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun başlanmasına, heç olmasa, hümanitar xarakter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək edərdi", - deyə R.Lopaytis vurğulayıb.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə film nümayiş olunub.
Böyük məharət və zəhmət hesabına ekranlaşdırılan filmdə Xocalı dəhşətləri bir daha tarixi faktlarla öz əksini tapıb. Faciə zamanı əsir düşmüş xocalılı musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın, 1992-ci ilin fevralında öz taleyində dönüş yaratmış litvalı jurnalist Riçardas Lopaytisin faciədən 20 il sonra başladığı müstəqil jurnalist araşdırmasının iştirakçıları olublar. Filmdə müxtəlif insan taleləri ilə bərəbər, SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə dair şahidlərin xatirələri də öz əksini tapıb.
Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində hazırlanmış "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi..." kitabları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB