ABŞ-ın Oklahoma Senatı və Nümayəndələr Palatası Azərbaycana həsr olunan qətnamələr qəbul edib - FOTOSESSİYA

ABŞ-ın Oklahoma Senatı və Nümayəndələr Palatası Azərbaycana həsr olunan qətnamələr qəbul edib - FOTOSESSİYA

Azərbaycan ilə ABŞ ştatları arasında sıx əlaqələrin qurulması və inkişaf etdirilməsi, həmçinin Azərbaycan barədə həqiqətlərin çatdırılması məqsədilə, Azərbaycan nümayəndə heyəti 28-29 fevral tarixlərində Arkanzas və Oklahoma ştatlarında səfərdə olub, mühüm dövlət orqanlarında bir sıra görüşlər keçirib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, AR Milli Məclisinin üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Nəsimi Ağayev və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundovadan ibarət nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə birlikdə fevralın 28-də Arkanzas ştatının qubenator müavini Mark Darr və Nümayəndələr Palatasının sədri Robert Mur ilə görüşlər keçirib, həmçinin ştat Senatının plenar iclasında çıxış ediblər.

Görüşlərdə və çıxışlarda millət vəkilləri S.Fətəliyeva və A.Mollazadə Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı barədə danışmış və bu tərəfdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Həmçinin, ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığın önəmi qeyd olunmuş və bu çərçivədə Arkanzas ştatı ilə dostluq münasibətlərinin yaradılmasına maraq ifadə olunub. Qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin şərəfinə fevralın 28-də Arkanzas ştatının qanunvericilik orqanı binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. Həmin gün axşam Azərbaycan nümayəndə heyəti "Türkiyə-Azərbaycan-Arkanzas Dostluq Ziyafəti"ndə iştriak edib. Ziyafətdə bir sıra ştat senatorları və konqresmenləri, hökumət üzvləri, Türkiyədən olan millət vəkilləri və iş adamları və digər şəxslər iştirak ediblər. Ziyafətdə çıxış edən millət vəkili A.Mollazadə Azərbaycan-ABŞ münasibətlərindən bəhs edərək, bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyləndirmiş və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Səfirliyin müşaviri N.Ağayev öz çıxışında bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirərək, bu müddət ərzində ikitərəfli mübasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib, Azərbaycan ilə ABŞ arasınnda enerji təhlükəsizliyi və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahələrində həyata keçirilən sıx əməkdaşlıqdan bəhs etmiş və Azərbaycanın etibarlı strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.

Fevralın 29-da nümayəndə heyəti üzvləri Oklahoma ştatına səfər edərək, ştatın qubernatoru Meri Folin və ştat Senatının sədri Brayan Binqman ilə görüşlər keçirmiş, Senat və Nümayəndələr Palatasının plenar iclaslarında iştirak ediblər. Görüşlərdə Azərbaycanın regionda ABŞ üçün önəmi və ABŞ-ın İraq və Əfqanıstandakı səylərinə Azərbaycanın verdiyi töhfələr xüsusilə vurğulanıb, Oklahoma ştatı ilə münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağı qeyd olunub. Elə həmin gün Oklahoma Senatı və Nümayəndələr Palatası Azərbaycan nümayəndə heyətinin şərəfinə Azərbaycana həsr olunan qətnamələr qəbul edib. Qətnamələrdə Azərbaycanın strateji coğrafi mövqeyə, qədim mədəni irsə və möhkəm dözümlülük ənənələrinə malik olması, demokratik və dünyəvi respublika kimi müsəlman dövlətləri arasında ən mütərəqqi dövlətlərdən biri olması qeyd edilib. Oklahoma ştatı qubernatorunun iqamətgahında həmin gün axşam keçirilən "Türkiyə-Azərbaycan-Oklahoma Dostluq Ziyafət"ində Azərbaycan nümayəndə heyəti ilə yanaşı ştat senatorları və konqresmenləri, ştat qubernatoru və müavini, ştat hökuməti üzvləri, Türkiyədən olan millət vəkilləri və iş adamları və digər şəxslər iştirak ediblər. Millət vəkili A.Mollazadə ziyafətdə çıxış edərək, Azərbaycan-ABŞ münasibətlərinin inkişaf dinamikasından, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurla irəliləməsindən bəhs edib və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

ARDNŞ-in vitse-prezidenti X.Məmmədov öz çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini və regionun lider dövlətinə çevrildiyini qeyd edərək, Azərbaycan ilə ABŞ arasında enerji sahəsindəki sıx əməkdaşlığın və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi meqalayihələrin yüksək önəmindən bəhs edib. Sonra Səfirliyin müşaviri N.Ağayev çıxış edərək, son 20 ildə Azərbaycan-ABŞ münasibətlərinin keçdiyi yoldan, 2011-ci ilin faciəvi 11 sentyabr hadisələrindən sonra beynəlxalq terroçuluğa qarşı mübarizədə Azərbaycanın ABŞ-a verdiyi güclü dəstəkdən danışıb, Azərbaycan ilə Oklahoma ştatı, xüsusilə ştatın Milli Qvardiyası arasında 2003-cü ildən etibarən yaradılmış nümunəvi əməkdaşlıqdan bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə