Tələbə adı qazanıb sevinənlər diqqətli olun! Bu xəbər sizin üçündür. Tələbə bileti almaq istəyəndə diqqətli olun! Əvvəlcə başlayaq tələbə biletlərinin qiymətindən. Belə ki, Bakı Tibb Texnikumunun I kurs 180 və 183 saylı qrupunun tələbələri SİA-ya müraciət ediblər.
Tələbələr maraqlanır ki, tələbə bileti pulludur ya pulsuz. Biz də əvvəlcə kiçik bir araşdırma apardıq. İlk olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universitetindən başladıq. I kurs tələbəsi Lalə Eyvazova bildirib ki, hələ ki ona tələbə biletinin verilməsi barədə heç bir söz deyilməyib. Ondan tələbə bileti üçün heç bir məbləğ tələb olunmayıb. Azərbaycan Dövlət Politexnik Universitetinin I kurs tələbəsi Rəsul Hacıyev vurğulayıb ki, onun təhsil aldığı universitetdə tələbə biletinin qiyməti 10 manatdır. Təfəkkür Universitetinin I kurs tələbəsi Sevinc Babayeva isə deyir ki, ondan tələbə biletinin verilməsi üçün 20 manat istəyiblər.
Qərb Universitetində də qiymətlər eynidir, yəni 20 manatdır. Bakı Slavyan Universitetində isə deyəsən, tələbələrin cibini bilirlər. Burada qiymətlər çox aşağıdır. Cəmi 2-3 manatın olsa tələbə biletinə sahib ola bilərsən.
Bakı Dövlət Universitetində isə test üsulundan keçərək bu adı qazanan abituriyentlər heç bir məbləğ ödəmədən tələbə biletinə sahib olurlar. Elə Xarici Dillər Universitetində də eyni vəziyyət müşahidə olunur.
Tələbə bileti pulludurmu? Bu sualın cavabını almaq üçün Təhsil Nazirliyi ilə danışmaq cəhdlərimiz hələ ki boşa çıxdı. Ancaq mütləq tələbə bileti üçün sizdən pul istəyəndə pulu verdiyinizə dair qəbz tələb edin.
Bütün xəbərlər Facebook səhifəmizdə