Aydın Quliyev: “Bu gün Azərbaycan jurnalistlərinin maddi nöqteyi-nəzərdən əldə etdikləri onların nə potensialına, nə də mövcud bazar tələbatına uyğun deyil” - MÜSAHİBƏ

Aydın Quliyev: “Bu gün Azərbaycan jurnalistlərinin maddi nöqteyi-nəzərdən əldə etdikləri onların nə potensialına, nə də mövcud bazar tələbatına uyğun deyil” - MÜSAHİBƏ

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin SİA-ya müsahibəsi



- Qarşıdan 22 iyul - Milli Mətbuat Günü gəlir. Siz bir mətbu orqanın rəhbəri olaraq bu günü necə qarşılamaq fikrindəsiniz?


- Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondunun (KİVDF), Mətbuat Şurasının tədbirləri o qədər əhatəli və genişdir ki, redaksiya olaraq hər hansı bir özəl tədbirlərin keçirilməsinə lüzum görmədik. Fikrimcə, əməkdaşlarımız da KİVDF-nin və Mətbuat Şurasının tədbirlərinin ab-havasında bayramları lazımi səviyyədə qeyd edəcəklər. Ona görə də redaksiya olaraq xüsusi bir şey planlaşdırmırıq. Amma əlbəttə bu bizim üçün əziz bir bayramdır. Jurnalistlərin hər biri bu bayramı böyük intizarla gözləyir. Həm də bu il 22 iyul tarixində KİVDF ənənəvi olaraq keçirdiyi jurnalistlər üçün fərdi müsabiqə qaliblərini elan edəcək. Bizim də əməkdaşlarımızdan 5 nəfərə yaxın müsabiqəyə yazı təqdim edib və onların hər biri bayram günündə yazıları üçün hansı qiymətin, dəyərin veriləcəyini intizarla gözləyir. Bir sözlə, bu gün Azərbaycanda jurnalistlərin və jurnalistikanın həyatında önəmli bir hadisəyə çevrilib.



- Sizcə, Azərbaycan mətbuatı 136-cı ildönümü ilə hansı uğurlarını qeyd edəcək?


- 136-cı ildönümünün əvvəlki illərlə müqayisədə müəyyən fərqli tərəfləri var. Bu ondan ibarətdir ki artıq jurnalistlər üçün nəzərdə tutulmuş binanın faktiki olaraq təməli qoyulub, bunun rəsmiləşdirilməsi qalır. Bundan əlavə, Mətbuat Şurasının xətti ilə indiyə qədər bizim rast gəlmədiyimiz jurnalistlərlə bağlı müəyyən tədbirlər, kitabların təqdimat mərasimləri, KİVDF-nin xətti ilə bölgələrdə müəyyən görüşlər keçirilib. Bütün bunlar mətbuat, cəmiyyət və hökümətin - bu üç tərəfli həlqənin bir-birinə yaxınlaşmasında çox önəmli rol oynayır. Ümumi şəkildə onu deyərdim ki, bugünki mətbuat sahəsində əldə etdiyimiz ən böyük nailiyyət məhz ondan ibarətdir ki Azərbaycanda heç vaxt olmayan bir səviyyədə mətbuatın, cəmiyyətin və hökümətin arasında iş birliyinə nail ola bilmişik. Bu çox vacib məsələdir. Fikirimcə, hələ Azərbaycanın tarixində indiki kimi sadaladığım bu üç struktur arasında belə yaxın münasibətlərə nail ola bilməmişdik.



- Bu gün Azərbaycan mətbuatnda hələ də öz həllini tapa bilməyən nə kimi problemlər var?


- Bu problemlər birinci növbədə jurnalistlərin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır. Əlbəttə, bu sahədə də müəyyən müsbət dinamika var. Ötən illərlə müqayisədə vəziyyət yaxşılaşmağa doğru gedir. Mənim fikrimcə, bəzi çatışmayan və həllinin zaman ehtiyacı olan bəzi problemlər var. Məsələn, ayrı-ayrı mətbuat orqanları mövcud olsa da media holdinqlərin yaranması prosesi nədənsə çox ləng gedir və ya heç getmir. Bu bizim media aləmi üçün problem olaraq qalır. Mediada müəyyən hallarda jurnalistlərin öz daxilində bir senzura hiss etməsi psixologiyasının kökünü hələ təmamilə kəsə bilməmişik. Hələ də bəzi jurnalistlər müəyyən mövzulara müraciət etmək istəyəndə içində bir sezura hiss edir ki, görəsən bu yazını yazsam nəticəsi nə olacaq. Bu problemləri də yəqin ki, yaxın zamanlarda aradan qaldıracağıq. Mətbuatımızın ciddi problemlərindən biri jurnalistlərimizin informasiya mənbələrinə birbaşa çıxış imkanlarının hələ tam təmin olunmamasıdır. Çox təəssüf ki, bizdə özünü hələ də mətbuata qapalı saxlayan dövlət orqanları var. Bu dövlət orqanları da bu üsulla mətbuatın işini çətinləşdirir. Onu da qeyd edim ki bizim mətbuatımızın dünya mətbuat ailəsinə öz brendi, adı ilə fəal şəkildə qoşulma prosesi çox ləng gedir. Dünya miqyasında necə ki, "Nyu-york tayms" "Əlcəzirə" və digər bu kimi media televiziya orqanları öz ölkəsinə şöhrət gətirir və tanınır, eyni ilə Azərbaycana bu cür şöhrət gətirəcək media orqanlarının dünya media aləminə çıxması hələ problem olaraq qalır. Əlbəttə ki, mövcud dinamika deməyə imkan verir ki, nə vaxtsa biz bu problemləri həll edə bilərik.



- 22 iyul-Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrikləriniz və tövsiyələriniz...


- İlk növbədə onların layiq olduğu həddə, səviyyədə, məbləğdə maddi təminat, pul arzulayıram. Hesab edirəm ki, bu gün Azərbaycan jurnalistlərinin maddi nöqteyi-nəzərdən əldə etdikləri onların nə potensialına, nə də mövcud bazar tələbatına uyğun deyil. Birinci növbədə bunu arzulayıram. İkincisi jurnalistlərə öz peşə, cəmiyyət qarşısındakı vətəndaşlıq borclarını daha yaxşı yerinə yetirmək üçün məsuliyyət və xoşbəxtlik arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə