Mübariz Qurbanlı: “Həmsədrlər regiona ciddi sənədlə gəlirlər”- ÖZƏL

\"Bu səfərdə həmsədrlər növbəti görüş üçün müəyyən ciddi sənədlə gələcəklər\". Bu sözləri "SƏSTV"-yə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirərkən deyib: "Hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Düşünürəm ki, həmsədrlərin bu səfərində məqsəd prezidentlərin növbəti görüşünə hazırlığı həyata keçirməkdən ibarət olacaq. Həmsədrlərin səfəri zamanı Kazan görüşündən sonrakı vəziyyət müzakirə olunacaq, o cümlədən Kazan görüşündə təqdim olunan sənəd və o sənədlə əlaqədar tərəflərin ortaya qoyduğu mövqe ətrafında müzakirələr aparılacaq. Mən düşünürəm ki, münaqişənin həlli ilə bağlı məsələlər çox ciddi şəkildə irəliləməkdədir və bu irəliləyişlər öz bəhrəsini verəcək"-deyə o əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün də əsaslı addımların atılması gözlənilməkdədir. Millət vəkili hesab edir ki, buna əsas səbəb Azərbaycanın sürətli inkişafıdır: "Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri, Kazan görüşündən əvvəl həmsədr ölkələri rəhbərlərinin bəyanatları onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi səylər var. Münaqişənin həll edilməsi üçün əsaslı addımlar atılması gözlənilməkdədir. Bu da səbəbsiz deyil. Bunun ən başlıca səbəbi Azərbaycanın güclü şəkildə inkişaf etməsidir. Çünki Azərbaycanın sürətli inkişafı Ermənistanı və onu himayə edən dairələri məcbur edir ki, bu məsələni tezliklə həll etsinlər. Çünki Ermənistan çox acınacaqlı durumdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...