Səfir Yaşar Əliyev: “ABŞ konqresində Azərbaycana olan diqqət artmaqdadır” - EKSKLÜZİV

Səfir Yaşar Əliyev: “ABŞ konqresində Azərbaycana olan diqqət artmaqdadır” - EKSKLÜZİV

\"Amerika Birləşmiş Ştatlarının konqresində Azərbaycana olan diqqət artmaqdadır\". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev deyib: "Konqresmenlər tərəfindən Azərbaycana diqqət artıq praktiki baxımından da hiss olunur. Bildiyiniz kimi, ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat Komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupun həmsədri Bill Şusterin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana səfər etdi. Qonaqları Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin digər rəsmi şəxsləri qəbul etdilər. Görüşlərdə iki ölkə arasında münasibətlərin indiki vəziyyətindən başlamış regional təhlükəsizlik və energetika sahəsində əməkdaşlığa qədər məsələlər geniş müzakirə edilib. Azərbaycanda mühüm proseslərlə və islahatlarla tanış olduqdan sonra Bill Şuster bu həqiqətləri dərhal Vaşinqtona qayıdan kimi xüsusi iclasda öz həmkarlarına çatdırdı. Konqresdə Azərbaycana olan münasibət müsbət məcrada dəyişməkdədir. Amma bu böyük bir işdir. Səfirlik də öz tərəfindən gündəlik 24 saat çalışır ki, Azərbaycanın haqq sözü öz yerini tapsın və bilinsin\".

Azərbaycan-türk diasporunun ABŞ-da birgə fəaliyyətinə gəlincə səfir: "Bilirsiniz, bu çox mühüm bir məsələdir. Digər diasporlara nəzər yetirdikdə Azərbaycan diasporu nisbətən cavandır. Ona görə də gələcəkdə bizim qarşımızda böyük vəzifələr durur. Amma gərək biz hamımız birgə fəaliyyət göstərərək öz hədəflərimizə və istəklərimizə çataq".

Azərbaycan-Amerika ticari-iqtisadi münasibətlərinə gəlincə səfir bildirib ki, Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biri olaraq qalır. Belə ki, 2010-cu ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,3 milyard ABŞ dollarına bərabər olub, Azərbaycan tərəfinin müsbət saldosu qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə