Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə qələbə müjdəli təqvimlər var ki, onlar sadəcə bir coğrafi ərazinin işğaldan azad olunmasını deyil, bütöv bir millətin mənəvi dirçəlişini, sarsılmaz iradəsini və beynəlxalq hüququn ali təntənəsini təcəssüm etdirir. Belə müqəddəs və şanlı tarixlərdən biri də ölkəmizdə rəsmi şəkildə təsis olunmuş 26 Avqust – Laçın şəhəri günüdür. Bu əlamətdar gün Azərbaycanın hərbi, siyasi və diplomatik cəbhədə qazandığı tarixi zəfərlərin, eyni zamanda otuz ilə yaxın davam edən böyük haqsızlığa son qoyulmasının əyani sübutudur. Laçının azadlığı həm tarixi ədalətin tam bərpası, həm də xalqımızın milli ləyaqətinin, sarsılmaz birliyinin rəmzidir.
Məlum olduğu kimi, 1992-ci ilin may ayında Laçın rayonunun işğal edilməsi Ermənistan təcavüzkarlarının digər ərazilərimizi də zəbt etməsinə şərait yaradan ağır hərbi-strateji itki idi. Coğrafi mövqeyinə görə Ermənistanla Qarabağ arasında birbaşa dəhliz rolunu oynayan bu strateji rayonun əldən çıxması sonrakı işğal proseslərini sürətləndirmişdi. Otuz ilə yaxın müddət ərzində Laçının mədəni-tarixi irsi tamamilə dağıdılmış, onun əsl sahibləri olan on minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalaraq öz doğma yurdlarından didərgin salınmışdı. Lakin rəsmi Bakının illər boyu yürütdüyü qətiyyətli xarici siyasət, beynəlxalq tribunalardan gələn haqlı bəyanatlar, güclü ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi bu ədalətsizliyin əbədi qala bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi regionda tamamilə yeni hərbi-siyasi reallıqlar yaratdı. Silahlı Qüvvələrimizin rəşadəti, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində düşmənin otuz il ərzində qurduğu keçilməz müdafiə xətləri darmadağın edildi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan və diz çökdürülən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Məhz bu tarixi qələbə nəticəsində imzalanmış 10 noyabr üçtərəfli bəyanatına əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu döyüşsüz, tək bir şəhid vermədən, siyasi-diplomatik yolla Azərbaycana təhvil verildi. Bu hadisə hərbi zəfərin diplomatik müstəvidə necə böyük ustalıqla və uzaqgörənliklə davam etdirildiyinin ən parlaq nümunəsidir.
Lakin tarixi proses və dövlət suverenliyinin tam bərpası bununla yekunlaşmadı. Laçın koridoruna və strateji məntəqələrə tam nəzarətin təmin edilməsi Azərbaycan dövlətinin milli təhlükəsizlik maraqları üçün növbəti prinsipial addım idi. Görülmüş qətiyyətli tədbirlər və strateji planlaşdırma nəticəsində, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, eləcə də strateji əhəmiyyətə malik olan Zabux və Sus kəndləri tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Həmin gün Laçın şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bu unudulmaz hadisə regionda separatizmin qalıqlarına vurulan ağır zərbə və xalqımızın öz əzəli torpaqlarına əbədi qayıdışının rəsmi möhürü oldu. Dövlət başçısının sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü kimi təsis olunması, bu böyük qələbənin Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldığını bir daha təsdiq edir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın rayonuna mütəmadi olaraq reallaşdırdıqları rəsmi səfərlər bu bölgənin dövlət siyasətindəki xüsusi önəmini bir daha təsdiq edir. Hər bir səfər çərçivəsində dövlət başçısı tərəfindən yeni infrastruktur obyektlərinin, sənaye müəssisələrinin və yaşayış komplekslərinin təməli qoyulur və ya açılışları icra edilir. Prezidentin Laçın meydanından xalqa müraciətləri, şəhərin tarixi simasının bərpası ilə bağlı verdiyi birbaşa tapşırıqlar bölgəyə yeni həyat bəxş etmişdir. Dövlət rəhbərinin bu torpaqlara hər gəlişi həm də aparılan genişmiqyaslı quruculuq işlərinə birbaşa nəzarətin və xalqın rifahına verilən ali dəyərin bariz nümunəsidir. Bu gün Laçın şəhəri və onun ətraf kəndləri sürətli, möhtəşəm və nümunəvi bir dirçəliş dövrünü yaşayır. Azərbaycan dövlətinin daxili maliyyə imkanları və daxili potensialı hesabına həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində rayon bütövlükdə yenidən qurulur. Erməni vandalizminin otuz illik ağır izləri sürətlə silinir, şəhərin özünəməxsus tarixi memarlıq üslubu qorunmaqla müasir şəhərsalma standartlarına uyğun infrastruktur formalaşdırılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və daimi şəkildə qayıtması üçün reallaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri bu regionu dünyanın ən müasir yaşayış sahələrindən birinə çevirir. Yeni salınan yollar, alternativ enerji mənbələri, logistik mərkəzlər və tikintisi sürətlə davam edən, çətin relyefdə inşa olunan Laçın Beynəlxalq Hava Limanı bu regionun gələcəkdə həm də böyük beynəlxalq nəqliyyat, iqtisadiyyat və turizm mərkəzinə çevriləcəyindən xəbər verir.
Yekun olaraq qeyd etmək lazımdır ki, 26 Avqust – Laçın şəhəri günü sadəcə təqvimdəki sıravi bir bayram deyil, o, Azərbaycanın sarsılmaz hərbi gücünün, dövlətimizin qətiyyətinin və beynəlxalq hüququn aliliyinin təntənəsidir. Bu tarixi gün revanşist xəyallarla yaşayan düşmənə və onun xaricdəki havadarlarına verilən ən qətiyyətli mesajdır. Azərbaycan öz əbədi və əzəli torpaqlarına tam sahib çıxmışdır. Bu torpaqlarda ucaldılan və dalğalanan müqəddəs üçrəngli bayrağımız bir daha heç vaxt enməyəcəkdir. Laçının dirçəlişi xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və gələcək nəsillərə buraxacağı sarsılmaz mirasın canlı şahididir
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB