"Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı və Orta Dəhliz imkanları genişlənir" - İQTİSADÇI

"Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı və Orta Dəhliz imkanları genişlənir" - İQTİSADÇI

"Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycanla Özbəkistan arasında həm iqtisadi, həm də nəqliyyat əlaqələrinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlər artıq yüksək səviyyədədir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır:

"Əsas imkanlardan biri qarşılıqlı ticarətin artırılması və investisiya layihələrinin genişləndirilməsidir. Azərbaycan və Özbəkistan xüsusilə sənaye, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə birgə müəssisələrin yaradılmasını və qarşılıqlı investisiyaların artırılmasını sürətləndirə bilər. Bu baxımdan iki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması mühüm üstünlükdür.

Nəqliyyat sahəsində isə Azərbaycan Özbəkistan üçün Avropa bazarlarına çıxış baxımından mühüm tranzit imkanları təqdim edir. Özbəkistanın yüklərinin Azərbaycan üzərindən Xəzər dənizinə, oradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Eyni zamanda Azərbaycanın Bakı Limanı, dəmir yolları və digər logistika infrastrukturu bu əməkdaşlığın genişlənməsi üçün ciddi imkan yaradır.

Mən hesab edirəm ki, səfərin əsas nəticələrindən biri sadəcə mövcud əlaqələrin genişləndirilməsi deyil, Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx iqtisadi və nəqliyyat bağlantısı formalaşdırması ola bilər. Bu proses həm iki ölkənin tranzit gəlirlərini artırar, həm də Orta Dəhlizin daha rəqabətqabiliyyətli marşruta çevrilməsinə xidmət edər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə