“Azərbaycan–ABŞ strateji tərəfdaşlığı regionda yeni geosiyasi reallıq yaradır” - ŞƏRH

“Azərbaycan–ABŞ strateji tərəfdaşlığı regionda yeni geosiyasi reallıq yaradır” - ŞƏRH

"Azərbaycanla ABŞ arasındakı strateji tərəfdaşlıq xətti yeni bir hadisə deyil və bu münasibətlər onilliklər boyunca formalaşan münasibətlərə söykənir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, ötən ilin avqust ayında Vaşinqtonda cənab Donald Trampın vasitəçiliyi ilə əldə edilən razılaşmalardan sonra bu strateji tərəfdaşlıq xətti daha da gücləndi və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensonun Azərbaycana səfərində Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı:

"Azərbaycanla ABŞ arasındakı strateji tərəfdaşlıq dəyişən dünya nizamında təhlükəsizlik çağırışlarına cavab verən mühüm bir hadisədir. Eyni zamanda, regional iqtisadi diversifikasiyanın həyata keçirilməsində və onun təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Azərbaycan–ABŞ əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı regional iqtisadi-ticari bağlantıların geniş geosiyasi və iqtisadi vizyonunu da ortaya qoyur ki, bu da Bakı–Vaşinqton əlaqələrinin perspektiv layihələrində hansı məsələlərin reallaşacağı haqqında güclü təəssüratlar yaradır.

Biz Azərbaycanla ABŞ-nin əlaqələrinə eyni zamanda Cənubi Qafqazda təhlükəsizlik meyarlarının formalaşdırılması fonunda da baxmalıyıq. Azərbaycanla ABŞ-nin strateji tərəfdaşlığı Azərbaycan–Türkiyə strateji müttəfiqliyi fonunda yeni bir çalar qazanır və bu müstəvidə biz söyləyə bilərik ki, Azərbaycan, ABŞ və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının yaranması gələcəkdə baş tuta bilər.

Ermənistan Respublikası isə bu proseslərdə daha çox irəli getmək üçün regional izolyasiyadan çıxmağa hesablanıb ki, burada da Ermənistanın əsasən iqtisadi təzyiqdən xilas olması prioritetləri özünü aydın şəkildə göstərir.

Azərbaycan Ermənistanın xilaskarı kimi təsvir edilə bilər. Həm də ona görə ki, Azərbaycan artıq öz məhsulları ilə yanaşı, tranzit yükləri də Ermənistana çatdırır ki, bu da Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələri fonunda fərqli, dizaynverici addım kimi qiymətləndirilə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə