Sözün gücü, həqiqətin zəfəri - ANALİTİK

Sözün gücü, həqiqətin zəfəri  - ANALİTİK

Şuşada Qlobal Media gələcəyini müzakirə edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən Qlobal Media Forumuna ev sahibliyi edir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur. İki gün davam edəcək Forum çərçivəsində media və rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin jurnalistikaya təsiri, etibarlı informasiya mühitinin formalaşdırılması, böhran dövründə medianın rolu və sülhün təşviqində informasiya siyasətinin əhəmiyyəti kimi aktual mövzular ətrafında panel müzakirələri, interaktiv sessiyalar və fikir mübadilələri keçiriləcək.

İnformasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və qlobal kommunikasiya müasir dövrdə beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilib. İnformasiya müharibələrinin geniş vüsət aldığı, süni intellekt texnologiyalarının media mühitinə sürətlə inteqrasiya etdiyi bir zamanda peşəkar jurnalistikanın, etibarlı informasiyanın və beynəlxalq media əməkdaşlığının əhəmiyyəti daha da artır. Bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu qlobal media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu beynəlxalq platformalardan biridir. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual informasiya çağırışlarının müzakirəsi üçün geniş imkan yaradır.

IV Şuşa Qlobal Media Forumu media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və müasir informasiya mühitində qarşıya çıxan çağırışların birgə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır. 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına həsr olunub.

IV Şuşa Qlobal Media Forumunda "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu təsadüfi seçilməyib. Müasir dünyada münaqişələr zamanı yanlış məlumatların yayılması, informasiya manipulyasiyaları və saxta xəbərlər cəmiyyətlər arasında etimadın azalmasına səbəb olur. Forum çərçivəsində medianın sülhün qurulmasında, obyektiv informasiyanın çatdırılmasında və xalqlar arasında qarşılıqlı anlaşmanın formalaşmasında rolu geniş şəkildə müzakirə edilir.

Şuşanın forum üçün seçilməsinin də rəmzi mənası var. Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi dəyərlərini özündə birləşdirən şəhərlərdən biridir. İşğaldan azad olunmasından sonra şəhər təkcə mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq siyasi və humanitar tədbirlərin keçirildiyi nüfuzlu platformaya çevrilib. Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi bir neçə mühüm mesaj verir. Birincisi, bölgədə sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi, ikincisi, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, üçüncüsü, Qarabağın bərpasının dünya mediasına nümayiş etdirilməsi və dördüncüsü Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun gücləndirilməsi. Forum iştirakçılarının Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfərləri onlara aparılan bərpa və yenidənqurma işlərini yerində görmək imkanı yaradır.

Forum çərçivəsində dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal medianın inkişaf perspektivləri, süni intellekt və jurnalistika, informasiya təhlükəsizliyi, etik jurnalistika prinsipləri, media savadlılığının artırılması, postmünaqişə dövründə medianın rolu, beynəlxalq informasiya mübadiləsinin inkişafı və bir sıra mühüm mövzular diqqət mərkəzində saxlanılır. Bu müzakirələr müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

İndiyədək keçirilən və 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu beynəlxalq platforma kimi əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunu ənənəvi mətbuat konfransı ilə açıb və orada xarici media jurnalistlərinin suallarını cavablandırıb. Prezident qeyd edib ki, Bakı müxtəlif ölkələrdən olan mediaya konstruktiv müzakirələr üçün platforma təqdim etmək və onları Qarabağ və Böyük Qayıdış layihələrinin gedişatı ilə tanış etmək üçün Şuşada media forumları təşkil edir: “Bakının xarici siyasəti əsasən regional qonşularla əməkdaşlıq etmək və yaranan hər hansı bir problemi həll etmək istəyinə əsaslanır. Biz Şuşada keçirilən media forumunda, o cümlədən çoxsaylı beynəlxalq iştirakçılar arasında hökm sürən eyni atmosferi yaratmağa çalışırıq".

İlham Əliyev qeyd edib ki, Bakı Mərkəzi Asiya və Avropa da daxil olmaqla bütün strateji sahələrdə ölkələrlə əla münasibətlər qurub və qoruyub saxlayır: “Respublika regionları nəqliyyat və logistika vasitəsilə birləşdirməyi hədəfləyir və buna görə də nəqliyyat dəhlizlərini inkişaf etdirir. Azərbaycanın milli maraqlarının qorunmasında, qonşu dövlətlərlə və daha uzaq bölgələrlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində uğurları Respublikanın bu gün orta güc statusuna çatmasına səbəb olub. Mənim fikrimcə, terminoloji cəhətdən orta gücü müəyyən edən meyar həmin ölkənin potensialının, öz milli maraqlarını müdafiə etmək qabiliyyətinin tanınmasıdır”.

Prezident çıxışında qeyd edib ki, müasir Azərbaycan həm də enerji sektorunda etibarlı tərəfdaşdır və onilliklər ərzində sübut olunmuş sabitlik təcrübəsi ilə seçilir. Bu gün SOCAR 16 ölkəyə qaz tədarük edir və bu sahədə dünyada birinci yerdədir. Azərbaycan Prezidenti əlavə edib ki, Azərbaycan qazının tədarükünə başlamaq üçün daha bir neçə Aİ ölkəsi ilə danışıqlar aparılır.

İlham Əliyev Azərbaycanın milli məqsədlərindən danışarkən Qarabağın və Şərqi Zəngəzurun tam bərpasını prioritet hesab edib: “Azad edilmiş ərazilər təkcə bərpa edilməməli, həm də gələcək davamlı inkişaf üçün iqtisadi və infrastruktur təməlləri əldə etməlidir. Bu, digər məsələlərlə yanaşı, Orta Dəhliz regionlararası logistika marşrutunun bir hissəsi olaraq Şərq-Qərb istiqamətində yük daşıyacaq Zəngəzur Dəhlizinin Naxçıvana açılmasını tələb edir. Bundan əlavə, Azərbaycan süni intellekt və rəqəmsal transformasiyanın inkişafında maraqlıdır. Respublika dünyanın bütün ölkələri ilə əməkdaşlığı gücləndirməyi, eyni zamanda cənub və şimal sərhədlərindəki münaqişələrlə əlaqəli müdafiə qabiliyyətini artırmağı hədəfləyir”.

Bu baxımdan İlham Əliyev yerli düşmənçiliyin qlobal müharibəyə çevrilməsinin qarşısını almaq üçün bütün regional münaqişələrin ədalətli əsasda və beynəlxalq hüquqa uyğun olaraq həllinə çağırıb: "Beynəlxalq hüquq sülhün bərqərar olması üçün universal platformadır. Ermənistanla münaqişə zamanı biz həmişə beynəlxalq hüququ müdafiə etmişik".

IV Şuşa Qlobal Media Forumu nə üçün maraqlıdır?

Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunun açılışında tədbirin məqsədi barədə danışıb. Dövlət başçısının sözlərinə görə, tədbirin ideyası dünyanın hər yerindən media nümayəndələrinin qarşılıqlı maraq doğuran və narahat edən məsələləri müzakirə edə, Qarabağ və Şuşa ilə tanış ola və digər məqsədlərə çata biləcəyi bir atmosfer yaratmaq idi. "Əminəm ki, buraya gələn qonaqlar Qarabağın inkişafını və bərpasını görürlər", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan qlobal media sənayesinin gələcəyini müzakirə etmək üçün əsas platforma statusunu təmin etməyə çalışır. İkincisi, Azərbaycanın ərazi bütövlüyünün bərpası təcrübəsi böyük maraq doğurur. 2020-ci ildə, 44 günlük müharibə zamanı Azərbaycan dörddə bir əsrdən çoxdur ki, Ermənistanın işğalı altında olan ərazilər üzərində nəzarəti bərpa edib. Bu münaqişə, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli texnologiyanın və xüsusi əməliyyat qüvvələrinin əsas rol oynadığı yeni nəsil müharibənin ilk nümunələrindən biri oldu. Bu təcrübə NATO ölkələrindən olan hərbi mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilib və bu, xüsusilə Alyansın vacib üzvləri üçün aktualdır.

Mədəni və humanitar aspektlər də eyni dərəcədə əhəmiyyətlidir. Forumun keçirildiyi Şuşa azad edilmiş ərazilərin dirçəlişinin simvolu və eyni zamanda Azərbaycanın mədəni paytaxtıdır. Onun bərpası infrastruktur tikintisi, əhalinin geri qayıtması və mədəni irsin qorunması da daxil olmaqla, regionun yenidən inteqrasiyası üçün genişmiqyaslı dövlət proqramının bir hissəsidir.

Forum Azərbaycanın qlobal informasiya məkanında artan rolunu, medianın sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Tədbirin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə media nümayəndələri üçün deyil, həm də diplomatlar, siyasətçilər və beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi. İlham Əliyev Azərbaycanın yerləşdiyi coğrafiyada həm cənubda, həm də şimal istiqamətində münaqişələrin davam etdiyini xatırladaraq, bunun ölkəmiz üçün də müəyyən risklər yaratdığını diqqətə çatdırıb. Dövlət başçısı qlobal miqyasda münaqişələrin dayandırılmasının vacibliyini vurğulamaqla yanaşı, İran ilə ABŞ arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan səyləri dəstəklədiyini, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ Prezidenti Donald Trampın təşəbbüslərinə də müsbət yanaşdığını bildirib.

Azərbaycan Prezidentnin IV Şuşa Qlobal Media Forumunda çıxışı və media nümayəndələrinin suallarına verdiyi əhatəli cavablar beynəlxalq mətbuatın diqqət mərkəzində olacaq. Bu çıxış bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu, beynəlxalq hüquqa söykənən siyasət həyata keçirdiyini və qlobal sülhə töhfə verməyə çalışdığını nümayiş etdirir.

Şuşa Qlobal Media Forumu vasitəsilə Azərbaycan beynəlxalq media ilə birbaşa dialoq qurur, regiondakı reallıqları xarici jurnalistlərə təqdim edir, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı təşviq edir, media sahəsində yeni tərəfdaşlıqlar yaradır, ölkənin müasir inkişaf modelini nümayiş etdirir. Bu platforma Azərbaycanın beynəlxalq ictimaiyyətlə açıq və şəffaf informasiya siyasətini nümayiş etdirməsinə də xidmət edir. Forumun əsas ideyalarından biri medianın yalnız informasiya ötürən vasitə deyil, həm də sülhün qurulmasına töhfə verən mühüm institut olmasıdır.

Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüşü deyil, həm də beynəlxalq əməkdaşlıq, sülh, informasiya təhlükəsizliyi və etibarlı jurnalistikanın inkişafına xidmət edən mühüm beynəlxalq platformadır. Forum Şuşanın beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir, Azərbaycanın qlobal informasiya məkanındakı rolunu artırır və dünya mediası ilə qarşılıqlı etimadın güclənməsinə töhfə verir.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə