“Regionlarda dövlət qulluqçularının əməkhaqqı fərqləri təşviq mexanizmlərini aktuallaşdırır” - VÜQAR BAYRAMOV
“Azərbaycanın bir sıra iqtisadi rayonlarında dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 40 faizə yaxın aşağıdır. Bu isə regional təşviq meyarlarından istifadənin aktuallığını artırır”.
SİA xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
Deputat qeyd edib ki, 2025-ci ilin rəsmi məlumatlarına əsasən, ölkə üzrə dövlət qulluqçularının orta aylıq əməkhaqqısı 1971 manat təşkil edib. Bu göstərici Bakı şəhərində 2539 manat olduğu halda, Naxçıvan Muxtar Respublikasında 1502 manat, Mil-Muğan iqtisadi rayonunda 1371 manat, Mərkəzi Aran iqtisadi rayonunda 1366 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1349 manat, Şirvan-Salyan iqtisadi rayonunda isə 1316 manat olub.
Vüqar Bayramov bildirib ki, dövlət qulluqçularının yalnız 7,4 faizi inzibati vəzifələrin ali – 1-3-cü təsnifatlarında çalışır. Onun sözlərinə görə, qulluqçuların 92,6 faizi digər təsnifatlarda, o cümlədən 46,6 faizi 7-ci təsnifatda, 22,2 faizi isə yardımçı vəzifələrdə fəaliyyət göstərir.
Deputat vurğulayıb ki, dövlət qulluqçularının böyük əksəriyyəti işə qəbul zamanı tətbiq edilən seçim və keyfiyyət meyarlarından keçərək bu vəzifələrə təyin olunublar.
O əlavə edib ki, hazırda dövlət qulluqçularının 69,5 faizi beş ildən artıq iş stajına malikdir. Aparılan islahatlar nəticəsində dövlət qulluğunda çalışanların yaş tərkibində də yenilənmə baş verib və hazırda onların yarısının yaşı 40-dan aşağıdır.
Vüqar Bayramovun fikrincə, bu göstəricilər dövlət qulluğunda peşəkarlığın artırılması və keyfiyyət meyarlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB