“Çin insan mərkəzli urbanizasiya modelini beynəlxalq əməkdaşlıqla inkişaf etdirir” - Çinli nümayəndə

“Çin insan mərkəzli yeni urbanizasiya modelini ardıcıl şəkildə həyata keçirir və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır”.

SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Liderlər Sammitində səsləndirib.

Çjan Qotsin bildirib ki, Si Cinpin şəhərlərin insanların rifahı naminə qurulmasının vacibliyini dəfələrlə vurğulayıb: “Şəhərlər insanlar üçün, insanlar tərəfindən və insanların xatirinə tikilir”.

Onun sözlərinə görə, Çin innovativ, yaşamaq üçün rahat, ekoloji cəhətdən dayanıqlı, mədəni və “ağıllı” şəhərlərin qurulmasını prioritet hesab edir.

Xüsusi nümayəndə qeyd edib ki, Çində şəhər əhalisinin sayı 2012-ci ildə 720 milyon nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 950 milyona yüksəlib.

Çjan Qotsin əlavə edib ki, Çin dünyada ən böyük şəhər mənzil təminatı sistemini formalaşdırıb və şəhər sakinlərinin adambaşına düşən yaşayış sahəsi 40 kvadratmetrdən çoxdur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə