“Azərbaycan və Gürcüstanın bu sinerjisi Avrasiyanın logistik xəritəsini yenidən cızır” - ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatları, Cənubi Qafqazın müasir geosiyasi mənzərəsində strateji tərəfdaşlığın sadəcə diplomatik bir ifadə deyil, qlobal iqtisadiyyat üçün həlledici bir amil olduğunu növbəti dəfə təsdiqlədi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə bağlı verilən mesajlardan aydın olur ki, bu gün Şərq-Qərb marşrutu üzrə ən təhlükəsiz və səmərəli yol məhz Azərbaycan və Gürcüstan üzərindən keçən Orta Dəhlizdir:

“Ukrayna müharibəsi fonunda "Şimal dəhlizi"nin riskli və sanksiyalara məruz qalan marşruta çevrilməsi bu layihənin aktuallığını kəskin artırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması istiqamətində atılan addımlar Çindən Avropaya yükdaşımaların sürətini artırmaqla yanaşı, hər iki ölkəni qitələrarası logistik mərkəzə çevirir. Bu proses Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Gürcüstanın Qara dəniz sahilindəki liman infrastrukturunun inkişafı ilə sinxron şəkildə aparılır.

Eyni zamanda, nəqliyyat dəhlizləri yalnız yükdaşıma deyil, həm də "Yaşıl Enerji Koridoru" ilə vəhdət təşkil edir. Xəzər dənizindən istehsal olunacaq bərpa olunan enerjinin Gürcüstan vasitəsilə Avropaya ötürülməsi, nəqliyyat infrastrukturunu enerji təhlükəsizliyi ilə birləşdirərək regionun vazkeçilməzliyini möhkəmləndirir. Bu əməkdaşlıq həm də Ermənistan üçün bir seçim imkanıdır. Zəngəzur dəhlizi və ya mövcud kommunikasiyalara qoşulma məsələsi İrəvanın bu qlobal iqtisadi zəncirdən kənarda qalıb-qalmayacağını müəyyən edəcək. Bakı və Tbilisi nümayiş etdirir ki, kənar güclərin təzyiqlərinə baxmayaraq, region ölkələri öz talelərini müstəqil şəkildə idarə edə bilərlər. Azərbaycan və Gürcüstanın bu sinerjisi Avrasiyanın logistik xəritəsini yenidən cızır və hər iki ölkəni Avropanın təchizat zəncirində "strateji sığortaçı" statusuna yüksəldir. Dövlət başçısının vurğuladığı bu genişləndirmə işləri Azərbaycanın resurs ixrac edən ölkədən, qlobal malların hərəkətini idarə edən mərkəzi qovşağa çevrilməsi strategiyasının kuliminasiya nöqtəsidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə