"Azərbaycan-İran münasibətləri hazırda Azərbaycanın bütün dünya dövlətləri ilə olduğu kimi, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulmuş xarici siyasət xətti üzərində inkişaf edir".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
.jpg)
Onun sözlərinə görə, bu baxımdan, İranda baş verən hərbi-siyasi gərginliklər - ABŞ və İsrailin zərbələri, eləcə də İranın cavab addımları - Azərbaycanın bu ölkəyə münasibətini dəyişmir: "Eyni zamanda, bu hadisələr Azərbaycanın ABŞ və İsraillə münasibətlərinə də təsir etmir.
Azərbaycanın xarici siyasəti əvvəlcədən bəyan edildiyi kimi, bütün dövlətlərlə bərabərhüquqlu, dinc və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, ölkə ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bəzi Yaxın Şərq ölkələrinin ərazilərindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edildiyi halda, Azərbaycan bu cür addımlara qəti şəkildə yol vermədi. Bu isə İran tərəfindən müsbət qarşılandı və yüksək səviyyədə təşəkkür ifadə olundu.
Prezident İlham Əliyevin bu təşəkkürə qarşılıq verməsi Azərbaycanın balanslı və prinsipial siyasət apardığını bir daha nümayiş etdirir. Azərbaycan nə İrana, nə də başqa hər hansı bir ölkəyə qarşı yönəlmiş təxribatlarda iştirak etmir və etməyəcək.
Bu yanaşma Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlanmasına, qarşılıqlı etimadın artmasına və gərginliyin azalmasına zəmin yaradır. Eyni zamanda, bu, İranda Azərbaycana qarşı mənfi mövqe tutan dairələrin təsir imkanlarını zəiflədə və daha konstruktiv münasibətlərin formalaşmasına təkan verə bilər.
Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti regionda sabitliyə xidmət edir və qonşu ölkələrlə münasibətlərin qarşılıqlı hörmət çərçivəsində inkişafına mühüm töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB