İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb.

SİA xəbər verir ki, söhbət zamanı dövlət başçısı Armin Laşetlə görüşləri məmnunluqla xatırlandı.

Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açıldı.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulandı.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə