Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür

Bu gün ölkənin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür. Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində müvəffəqiyyətlər qazanan Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılıb.

SİA xəbər verir ki, 2025-ci il ərzində Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyi qarşısına məqsəd qoyan Dövlət Xidməti qanunla müəyyən edilən vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanıb.

Müvafiq qanunvericiliyə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Silahlı Qüvvələrin səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə