Dövlətimiz gənclərin potensialına inanır ŞƏRH

Mən bir gənc olaraq hesab edirəm ki, istedadlı gənclərə dövlət qayğısı müasir Azərbaycanın inkişaf strategiyasının ən vacib istiqamətlərindən biridir. Bu qayğının ən aydın və real təzahürlərindən biri isə istedadlı gənclərin “Qızıl kitab”a daxil edilməsi təşəbbüsüdür. Bu layihə gənclərin potensialına verilən dəyərin, onların zəhmətinə və əzmkarlığına göstərilən hörmətin bariz nümunəsidir.

“Qızıl kitab” sadəcə mükafat və ya ad deyil. Mənim fikrimcə, bu, gənclərin cəmiyyət qarşısında məsuliyyətini artıran, onları daha böyük uğurlara sövq edən mənəvi stimul mənbəyidir. Bu kitaba daxil edilən gənclər elm, təhsil, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində fərqlənərək ölkəmizin adını yüksəklərə qaldırırlar. Dövlət tərəfindən onların əməyinin qiymətləndirilməsi biz gənclərə göstərir ki, zəhmət heç vaxt diqqətsiz qalmır. Mən də bir gənc kimi bu cür təşəbbüsləri gördükcə daha çox çalışmaq, bilik və bacarıqlarımı inkişaf etdirmək üçün motivasiya alıram. Çünki anlayıram ki, dövlət gənclərə yalnız bu günün deyil, eyni zamanda gələcəyin əsas gücü kimi yanaşır. “Qızıl kitab”a düşmək hər bir gəncin qarşısına qoyulan real və əlçatan məqsəddir və bu, sağlam rəqabət mühiti yaradır.

İstedadlı gənclərə göstərilən bu diqqət onların ölkəyə bağlılığını möhkəmləndirir, Vətənə xidmət hissini gücləndirir. Dövlət tərəfindən yaradılan imkanlar gənclərin xarici ölkələrdə deyil, məhz öz ölkəsində inkişaf etməsinə, bilik və təcrübəsini Azərbaycanın tərəqqisinə yönəltməsinə şərait yaradır. Bu da uzunmüddətli inkişafbaxımından son dərəcə mühüm amildir. Şəxsi qənaətimə görə, “Qızıl kitab” layihəsi istedadlı gənclərə dövlət qayğısının rəmzi olmaqla yanaşı, eyni zamanda gələcəyin güclü, savadlı və vətənpərvər gəncliyinin formalaşmasına xidmət edir. Mən bir gənc olaraq fəxr edirəm ki,dövlətimiz gənclərin potensialına inanır, onları daim dəstəkləyir və uğurlarını yüksək qiymətləndirir.

Calalova

YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə