“Davos Forumu Azərbaycanın iqtisadi və diplomatik mövqeyini gücləndirir” - ŞƏRH EDİLDİ

"Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəal iştirakı ölkənin həm iqtisadi, həm də diplomatik maraqlarının beynəlxalq səviyyədə irəlilədilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Davos artıq təkcə iqtisadi müzakirə platforması deyil, eyni zamanda qlobal siyasi və strateji qərarların formalaşdığı nüfuzlu məkana çevrilib və Azərbaycanın burada təmsil olunması ölkənin beynəlxalq sistemdə artan rolunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, forum çərçivəsində keçirilən görüşlər Azərbaycan üçün birbaşa investisiyaların cəlb edilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və strateji tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: "Enerji, nəqliyyat, turizm və informasiya texnologiyaları kimi sahələrin gündəmdə olması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və müasir texnologiyalara inteqrasiya strategiyasına tam uyğun gəlir. Davos platforması Azərbaycan üçün effektiv diplomatik alət rolunu oynayır. Dövlət rəhbərlərinin və rəsmi nümayəndə heyətlərinin ikitərəfli və çoxtərəfli görüşləri regional təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq kimi məsələlərin müzakirəsinə şərait yaradır. Bu isə Azərbaycanın beynəlxalq siyasətdə etibarlı tərəfdaş və konstruktiv dialoq tərəfdarı kimi mövqeyini daha da gücləndirir. Forum çərçivəsində qlobal iqtisadi trendlərin izlənilməsi və beynəlxalq biznes liderləri ilə qurulan əlaqələr yerli sahibkarlar üçün yeni imkanlar açır. Bu cür platformalar Azərbaycanın biznes mühitinin tanıdılması, turizm potensialının təqdim olunması və ölkəyə marağın artırılması baxımından da mühüm rol oynayır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan üçün yalnız qısamüddətli iqtisadi faydalar deyil, eyni zamanda uzunmüddətli strateji maraqların təmin edildiyi mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Bu iştirak ölkənin həm iqtisadi inkişafına, həm də diplomatik mövqeyinin möhkəmlənməsinə xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə