Girov olduğu halda bank borcun ödənilməsini birbaşa zamindən tələb edə bilərmi? - İQTİSADÇI AÇIQLADI
Maliyyə öhdəlikləri və bank kreditləri ilə bağlı ən çox maraq doğuran suallardan biri də girovla təmin olunan kreditlər üzrə zaminin məsuliyyətidir. Xüsusilə də borcun ödənilməməsi halında bankın birbaşa zamindən tələb irəli sürüb-sürməyəcəyi cəmiyyətdə geniş müzakirə olunur.
Bəs, girov olduğu halda bank borcun ödənilməsini birbaşa zamindən tələb edə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən, kredit müqavilələrində zamin duran vətəndaş kredit götürən şəxs ilə demək olar ki, eyni səviyyədə hüquqi və maliyyə məsuliyyəti daşıyır:
"Yəni kredit alan şəxs öhdəliyini yerinə yetirə bilmədiyi halda, həmin borcun ödənilməsi birbaşa zaminin üzərinə düşür. Bu baxımdan zaminlik sadəcə formal bir razılıq deyil, tam məsuliyyət tələb edən ciddi öhdəlikdir.
Əgər kreditin ödənilməsində çətinlik yaranarsa, ilk növbədə müqavilə şərtlərinə uyğun olaraq vəziyyət qiymətləndirilir. Bəzi hallarda kredit girovla təmin olunduğu üçün borcun qaytarılması girov predmetinin hesabına həyata keçirilə bilər. Lakin bu, yalnız girovun mövcud olduğu və müqavilədə bu mexanizmin açıq şəkildə nəzərdə tutulduğu hallara aiddir. Nəzərə almaq lazımdır ki, xüsusilə istehlak kreditlərinin böyük əksəriyyəti girovsuz verilir və bu zaman əsas təminat mexanizmi məhz zaminlik olur.
Girov olmadığı hallarda kredit alan şəxs ödənişləri həyata keçirə bilmədikdə, bank və ya kredit təşkilatı birbaşa zaminlərə müraciət edir və borcun ödənilməsini onlardan tələb edir. Bu isə o deməkdir ki, zamin duran şəxs kreditin bütün məbləği, faizləri və mümkün cərimələri ilə birlikdə ödənilməsinə məsul tutulur. Hətta bəzi hallarda bu öhdəlik məhkəmə yolu ilə də icra edilə bilər".
Bu səbəbdən vətəndaşlar zamin durmağa razılıq verərkən mütləq şəkildə həmin kreditin şərtlərini, məbləğini, müddətini və kredit götürən şəxsin maliyyə vəziyyətini ciddi şəkildə dəyərləndirməlidirlər. Unutmaq olmaz ki, zaminlik etibar məsələsi olmaqla yanaşı, eyni zamanda şəxsi maliyyə təhlükəsizliyinə birbaşa təsir göstərən hüquqi məsuliyyətdir.
Nəticə etibarilə, zaminlik kreditin qaytarılmasına tam məsul olmaq anlamına gəlir. Bu kontekstdə vətəndaşlarımız zamin olduqları zaman tələskən qərar verməməli, riskləri əvvəlcədən hesablamalı və yalnız əmin olduqları hallarda bu öhdəliyi üzərlərinə götürməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB