Avropa İttifaqı Rusiyanın pulu ilə Ukraynanı silahlandırır...

Mətləb Salahov: “Rusiyanın dondurulmuş aktivlərindən 210 milyard avronu Ukraynaya verməklə Aİ Moskva ilə açıq qarşıdurmaya start verir”

“Artıq açıq-aşkar görünür ki, Avropa ittifaqı (Aİ) həm hazırkı Donald Tramp Administrasiyası ilə, həm də Rusiya ilə qarşıdurma vəziyyətindədir. Hazırkı ABŞ prezidentini Vladimir Putinin siyasi şəriki kimi dəyərləndirən Aİ liderləri, D.Trampın Moskva ilə birgə Qərb əleyhinə hazırkı mövqeyindən qıcıqlanıblar. Aİ, özünü dünya sülh elçisi kimi təqdim etməyə çalışan və tarixə “müharibə bitiricisi” kimi daxil olmaq istəyən D.Trampın Ukraynada V.Putinin şərtləri əsasında sülh elan edilməsinə qarşı çıxır. Günü bu gün Aİ artıq bütün diplomatik jestləri bir kənara ataraq Rusiya ilə açıq mübarizə formatı seçib.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. Onun fikrincə, D.Trampın kürəkəninin hazırladığı 28 bəndlik sülh planına qarşı çıxan Aİ liderləri, Ukraynanı “qoca qitə” üçün Rusiyaya qarşı əsl sipər halına gətirməyə çalışırlar. Onlar anlayırlar ki, Ukraynanın Rusiya şərtləri altında təslim edilməsi Moskvanı digər Avropa ölkələrinə hücum planlarına həvəsləndirəcək. “Artıq Aİ dondurulmuş Rusiya aktivlərindən beş il ərzində 210 milyard avronun Ukraynanın silah təchizatı üçün və digər Aİ ölkələrinin ehtiyacları üçün ayrılması barədə qərar verib. Bu o deməkdir ki, qurum Rusiya ilə açıq qarşıdurmaya və ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyi üçün Moskvaya qarşı hücum siyasətinə başlayır.
Əslində, Almaniya Kansleri Fridrix Merz V.Putinin Avropaya qarşı yeni SSRİ planı barədə xəbərdarlıq etməklə, artıq Moskva və Qərb arasında kritik gərginliyin siqnalını vermiş oldu. Əlbəttə, Kremldə 210 milyardlıq dondurulmuş aktivin Kiyevə “hədiyyə” edilməsinə sevinməyəcəklər. Amma Rusiya əl-qolu bağlı da dayanmayacaq. Çünki bu, kifayət qədər ciddi rəqəmdir və Aİ rəhbərləri məhz V.Putinin Sankt-Peterburqda uşaqlıqdan öyrəndiyi “döyüş qaçılmazdırsa, ilk sən hücum et” prinsipini işə salacaqlar. Məncə, hələ 3 il prezidentlik qoltuğunda oturacaq D.Trampdan əlini üzən Avropa liderləri, Moskva ilə açıq mübarizəyə atılıblar. Nə olacağını isə, əlbəttə, zaman göstərəcək”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə