BTQ Belçika müstəmləkəçiliyinin törətdiyi vəhşiliklərlə bağlı araşdırmalarını davam etdirir
Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçi ölkələrin işğal etdikləri ərazilərdə törətdiyi vəhşiliklərə dair apardığı araşdırmalar davam edir. Toplanan faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib.
BTQ-dən SİA-ya bildiriblər ki, Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə Avropanın mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer alıb. Bu qaranlıq və utancverici səhifələrdən biri də “insan zooparkları”dır. Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 nəfər Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilib. Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilib, ləyaqətləri ayaqlar altına atılıb. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu, o cümlədən uşaqlar pnevmoniya, qrip və digər xəstəliklərdən dəhşətli əzablar içində can verib, cəsədləri isə gizlicə basdırılıb. Beləliklə, II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımının rəmzinə çevrilib.
İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilib. Əvvəlcə “Konqo Muzeyi”, sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərib. 1958-ci ildə Brüsseldə təşkil olunan “Expo 58” Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanıb. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilib. Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk “insan zooparkı” təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçikanın müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salıb, onun sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil edib. Bu praktika irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilib.
Qeyd edək ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur. Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilib və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub.
Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir.
Mənbə: BMT-nin 2019-cu ildə dərc etdiyi Afrika Mənşəli Xalqlar üzrə Ekspertlərdən İbarət İşçi Qrupunun Hesabatı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB