“Tramp administrasiyasının praktiki yanaşması yekun sülh üçün zəmin yaratdı” - ŞƏRH

"Hikmət Hacıyevin Donald Tramp administrasiyasının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə yekunlaşmasına verdiyi töhfəni yüksək qiymətləndirməsi təsadüfi deyil. Tramp dövründə ABŞ-ın regiona yanaşması əvvəlki administrasiyalardan müəyyən qədər fərqli idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Vaşinqtonun əsas strategiyası bölgədəki gərginliyin qlobal enerji təhlükəsizliyinə və nəqliyyat xətlərinə təsir etməsinə yol verməmək, eyni zamanda Cənubi Qafqazda balanslı güc bölgüsü saxlamaq idi: "Bu yanaşma Azərbaycanın maraqları ilə müəyyən məqamlarda üst-üstə düşürdü. Tramp administrasiyası, xüsusilə 2020-ci il müharibəsi dövründə, rəsmi səviyyədə neytral mövqe nümayiş etdirsə də, prosesə təsir edən bir neçə həlledici addım atdı. Ən mühüm faktor ABŞ-ın münaqişəyə birbaşa müdaxilə etməməsi, tərəfləri hərbi əməliyyatların dərhal dayandırılması üçün emosional çağırışlarla deyil, daha çox praktik diplomatik mexanizmlərlə işləməsi idi. Bu yanaşma nəticəsində prosesin süni şəkildə ləngidilməsi və ya təzyiqlərlə manipulyasiya edilməsinin qarşısı alındı. Azərbaycanın marağı isə həllin reallıqlara uyğun şəkildə formalaşması və status-kvonun dəyişməsi idi. Bundan başqa, Tramp administrasiyası Azərbaycanla enerji əməkdaşlığını strateji səviyyədə qoruyub saxladı. Cənub Qaz Dəhlizinə dəstək, ABŞ-ın regiondakı mövqeyinin güclənməsinə və Azərbaycan üçün əlavə siyasi legitimlik qazanmasına səbəb oldu. Bu legitimlik münaqişə sonrası dövrdə sülh gündəliyinin formalaşmasına müsbət təsir edən mühüm amillərdən biri idi. Tramp dövründə aparılan üçtərəfli formatda ABŞ, Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər də müəyyən psixoloji təsir yaradırdı. Həmin görüşlər prosesin beynəlxalq səviyyədə izlənildiyini göstərir və İrəvana mesaj verirdi ki, ABŞ böyük güc kimi prosesdən tam kənar deyil. Bu isə Ermənistanın daha çevik mövqe nümayiş etdirməsinə təsir edən amillərdən biri oldu.

Qeyd edilməli vacib məqamlardan biri də budur ki, Tramp administrasiyası regionda radikal şəkildə yeni layihələr gətirməzsə də, prosesə destruktiv təsir göstərməməsi və tərəfləri faktiki reallıqlarla işləməyə məcbur etməsi yekun sülh üçün müəyyən zəmin yaratdı. Azərbaycanın marağı məhz bu idi: siyasi manipulyasiyalar fonunda deyil, real güc balansına əsaslanan sülhün formalaşması. Bütün bu məqamlar onu göstərir ki, Tramp administrasiyasının yumşaq, lakin praktikasiya əsaslanan yanaşması regionda sülhün əldə edilməsinə dolayı yolla təkan verib və Azərbaycanın milli maraqları ilə müəyyən dərəcədə uyğunlaşıb".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə