“Azərbaycan bu gün yeni siyasi arxitekturanın formalaşmasında mühüm rol oynayır” - ŞƏRH EDİLDİ

“Uzun illər Ermənistanın işğalçılıq siyasəti ucbatından Cənubi Qafqaz bölgəsi boz zonaya çevrilmişdi. Uzun illər bu dağıdıcı siyasətlə Ermənistan özünü də talan dövlətə çevirmişdi. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsi, 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyat ilə suverenliyimiz tam bərpa olundu, həm də Cənubi Qafqazda yeni reallıqlar yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə artıq Cənubi Qafqazda sülh və sabitlik üçün addımlar atılmaqdadır:

”Buna misal olaraq Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi sülh sazişi, Vaşinqtonda paraflanmış 17 maddə ilə demək olar ki, məsələ artıq sona yaxınlaşır. Vaşinqtondakı görüşlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan ev tapşırığını alıb. Bu tapşırıq Ermənistanda referendumun keçirilməsi və konstitusiyada dəyişikliklər edilməsindən ibarətdir. Ermənistan Azərbaycana və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir. Bu konkret tələbdir. Artıq biz inamla deyə bilərik ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq ən qısa zamanda bərpa oluna bilər. Dünya yenidən şəkillənməkdədir. Yeni siyasi arxitektura formalaşır. Düzgün idarə olunan, ağıllı liderləri olan ölkələr yeni mənzərədə öz dövlətlərinin həm stabilliyini qoruyur, həm də yeni reallıqlar uğurla formalaşır. Azərbaycan da belə ölkələrdəndir. Cənab Prezident dünyanın nüfuzlu liderlərindəndir. Bu yeni reallıqlarda Azərbaycanın təklif etdiyi Orta Dəhliz əsas seqment kimi dünyanın rentabelli yollarından birinə çevrilir.

Avropa ilə Asiyanı birləşdirən bu nəqliyyat-logistika marşrutu artıq dünyanın ən rentabelli, ən etibarlı və ən perspektivli tranzit yollarından birinə çevrilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, modern nəqliyyat infrastrukturu və balanslaşdırılmış siyasəti Orta Dəhlizi qlobal ticarətin əsas damarlarından biri edir.

Azərbaycan bu gün təkcə regionda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etmir, eyni zamanda dünya siyasətində mühüm rol oynayan, yeni siyasi və iqtisadi arxitekturanın formalaşmasına töhfə verən bir aktora çevrilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə