"Müsahibə münasibətlərin gələcək yol xəritəsini ortaya qoyur" - MÖVQE

"Prezident İlham Əliyevin qardaş Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinə yeni mərhələdə işıq tutacaq qədər geniş və əhatəlidir. Mən bu müsahibəni maraqla oxudum və onu da qeyd edim ki, müsahibə Özbəkistanda da böyük maraqla qarşılanıb". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Müsahibədə Azərbaycanla qardaş Özbəkistan arasında iqtisadi, ticarət, mədəni və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı şəkildə təqdim olunub. Cənab Prezidentin Özbəkistana və bu ölkə ilə münasibətlərə verdiyi önəm müsahibədə açıq şəkildə hiss olunur. İlham Əliyevin bu səfər ərəfəsində müsahibə verməsi, əslində, münasibətlərin gələcək mərhələsinə dair yol xəritəsini ortaya qoyur. Bu, o deməkdir ki, Özbəkistanla əlaqələr daha da inkişaf edəcək və iki doğma, qardaş xalq bir-birinə daha da yaxınlaşacaq. Müsahibə, həmçinin Prezident İlham Əliyevin 15–16 noyabr tarixlərində Daşkəntdə keçiriləcək Orta Asiya dövlət başçılarının Məşvərət Toplantısına səfəri ərəfəsində verilib. Prezident İlham Əliyev artıq üçüncü dəfədir ki, bu toplantıya müşahidəçi qismində dəvət olunur. O, bundan əvvəl 2024-cü ildə Astanada, 2023-cü ildə isə Düşənbədə keçirilən görüşlərə də qatılmışdı.

Bu fakt onu göstərir ki, Azərbaycan Prezidenti və dövləti 5 dost və qardaş Orta Asiya dövləti ilə eyni coğrafiyada, ortaq məqsədlərlə hərəkət edir. Orta Asiyadakı türk dövlətləri, o cümlədən Tacikistan, Azərbaycanın bu proseslərdə mütləq iştirak etməsini vacib hesab edir. Azərbaycan isə bunu məmnuniyyətlə qəbul edir, çünki biz Türk dünyasının bir parçasıyıq. Orta Asiya – Türküstandır və Türküstanda keçirilən istənilən formatlı görüşlər, təşkilatlanmalar Azərbaycansız təsəvvür oluna bilməz".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə