İndiyədək 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları azad edilən ərazilərdən götürülüb

2021-ci ilin fevral ayından etibarən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. 2025-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb. Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Həmin ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Prezidenti İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsində Genetik araşdırmalar mərkəzinin yaradılması ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir. Qısa müddətdə, adıçəkilən mərkəz müasir avadanlıqlarla təmin edilib və bacarıqlı kadr potensialı işə cəlb olunub. Sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş 251 nəfərin şəxsiyyətinin eyniləşdirilməsi mümkün olub. Onlardan 187 nəfər barədə artıq məlumat ictimaiyyətə açıqlanıb, nəşləri ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin şəhidimizlə bağlı məlumat veriləcək", - deyə Ə.Nağıyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə