“Səfər Azərbaycanın Aİ ilə əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir” - ŞƏRH EDİLDİ
“İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında dövlətlərarası əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirən mühüm hadisədir. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu səfər yalnız diplomatik protokol xarakteri daşımır, eləcə də real nəticələri və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən mühüm strateji əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə məlum olur ki, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı siyasi etimad yüksək səviyyədədir: "İtaliyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hər zaman açıq dəstək verməsi bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Heç şübhəsiz ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan–İtaliya münasibətlərində xüsusi yer tutur. TAP layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdırılması İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi artıq Avropa üçün alternativ enerji mənbəyi kimi çıxış edir və bu nöqteyi-nəzərdən yanaşdıqda, İtaliya həm əsas tranzit ölkə, həm də iri istehlakçılardan biri kimi çıxış edir. Ümumilikdə Azərbaycan–İtaliya əlaqələri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəni və humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsini təşkil edir. İtaliya Azərbaycanın Avropada əsas mədəni tərəfdaşlarından biridir. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu sahədə əməkdaşlığın uğurlu nümunəsidir və iki ölkə arasında elmi-mədəni mübadilələrin genişlənməsinə mühüm töhfə verəcəyi istisna edilməməlidir.
Nəticə etibarilə, İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha təsdiq etdi ki, Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq çərçivəsində ardıcıl şəkildə inkişaf edir və hər iki dövlətin milli maraqlarına xidmət edir. Həmçinin bu səfər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun daha da artırılması nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə