Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasir Azərbaycanın Zəfər yolu - ŞƏRH OLUNDU
“3 oktyabr 1993-cü il Azərbaycan xalqının yaddaşında yalnız siyasi bir tarix kimi deyil, həm də taleyüklü bir dönüş nöqtəsi kimi əbədi qalacaq. Çünki məhz bu gün xalqın böyük iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və dövlətimizin müstəqilliyinin əbədi olması yolunda yeni bir mərhələ başlandı. O illərdə Azərbaycanın daxilində və xaricində yaranmış ağır vəziyyət, dövlətçiliyin təməl prinsiplərinin sarsılması, vətəndaş qarşıdurması, separatizm meylləri, ölkənin iqtisadi tənəzzülü, xarici təsirlərin güclənməsi xalqımızın varlığı üçün ən ciddi təhlükələr idi. Həmin dövrdə Azərbaycan sözün əsl mənasında dövlət müstəqilliyini itirmək astanasına gətirilmişdi. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz nicat yolunu böyük siyasi lider Heydər Əliyevin qətiyyətli liderliyində gördü və ona tarixi etimad göstərdi. 3 oktyabr prezident seçkiləri Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyin dönməzliyi və xalqın gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından əvəzsiz hadisə oldu”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən ölkədəki böhranlı vəziyyəti aradan qaldırmaq üçün qətiyyətli addımlar atdı. Onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi və xalq sevgisi Azərbaycanın gələcəyini sığortaladı. Ən böyük xidmətlərindən biri ölkədə sabitliyin bərpa olunması oldu. Çünki sabitlik olmadan heç bir inkişaf mümkün deyildi. Ulu Öndər Heydər Əliyev daxili qarşıdurmaları aradan qaldırdı, separatizm cəhdlərinin qarşısını aldı, hüquqi dövlət quruculuğu istiqamətində əsaslı addımlar atdı. Onun rəhbərliyi ilə qəbul edilən qərarlar Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Ulu Öndərin ən mühüm töhfələrindən biri də milli ideologiyanın formalaşdırılması idi. O, Azərbaycançılıq ideyasını dövlət siyasətinin əsası elan etdi. Azərbaycançılıq milli həmrəyliyi, xalqın birliyini, milli-mənəvi dəyərlərin qorunmasını, müstəqilliyin möhkəmlənməsini və dövlətin inkişafını təmin edən ideologiyadır. Bu ideya xalqın müxtəlif təbəqələrini vahid amal ətrafında birləşdirdi. Azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də diasporada yaşayan soydaşlarımız üçün yol göstəricisinə çevrildi.
Ulu Öndər Heydər Əliyev iqtisadi sahədə də böyük islahatlar həyata keçirdi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatı dərin böhran içində idi, sənaye müəssisələri dayanmış, enerji resurslarından istifadə mümkünsüz hala gəlmişdi. Ulu Öndər bu vəziyyətdən çıxış yolunu düzgün müəyyənləşdirdi və 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan neftstrategiyasını həyata keçirdi. Dünyanın aparıcı enerji şirkətləri ilə imzalanan müqavilələr Azərbaycanın iqtisadi müstəqilliyinin təminatına çevrildi. Bu müqavilə nəticəsində ölkəyə böyük həcmdə sərmayə daxil oldu, yeni iş yerləri yaradıldı, infrastruktur layihələri reallaşdırıldı, dövlətin gəlirləri artdı. Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe tutması ölkəmizin siyasi nüfuzunu da yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri də güclü ordu quruculuğu idi. O yaxşı bilirdi ki, torpaqları işğal altında olan bir xalqın ən böyük ehtiyacı güclü orduya sahib olmaqdır. Ulu Öndər ordunun maddi-texniki bazasını gücləndirdi, hərbi intizamı möhkəmləndirdi, gənc zabitlərin yetişdirilməsi üçün xüsusi tədbirlər gördü. Onun qoyduğu ordu quruculuğu siyasəti sonradan böyük Zəfərin əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin diplomatik fəaliyyəti də Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi, beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı. Balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirilərək ölkəmizin həm region dövlətləri, həm də böyük güclərlə münasibətlərini inkişaf etdirildi. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaratdı. Ulu Öndər Heydər Əliyev bütün bu işləri ilə müasir Azərbaycan dövlətinin memarı oldu. Onun siyasi irsi müstəqilliyimizin qorunmasını, dövlətimizin inkişafını təmin edən əbədi dəyərdir. Bu irs xalqın milliideologiyası, gələcək nəsillərin yol göstəricisi kimi yaşayır.
Ümummilli liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev isə Azərbaycanı yeni yüksəliş mərhələsinə çıxardı. İlham Əliyev 2003-cü ildə prezident seçilərkən xalqa verdiyi vədləri ardıcıl şəkildə həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etdi, regionda lider dövlətə çevrildi. Enerji layihələrinin coğrafiyası genişləndi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, TANAP, TAP kimi qlobal layihələr Azərbaycanın geosiyasi rolunu daha da artırdı. Bu layihələr həm də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının davamı idi.
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkədə yoxsulluq minimum həddə endirildi, minlərlə yeni iş yeri yaradıldı, infrastruktur yeniləndi, təhsil, səhiyyə, mədəniyyət sahələrində ciddi nailiyyətlər əldə olundu. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi, ölkəmiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi.
Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin zirvəsi isə 2020-ci ilin 44 günlük Vətən müharibəsi oldu. 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Bu Qələbə xalqımızın gücünü, ordumuzun rəşadətini, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. 30 il işğal altında qalmış torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu Qələbə eyni zamanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun yaratdığı güclü dövlətin və ordunun parlaq nəticəsi idi. Prezident İlham Əliyev müharibədə xalqısəfərbər etdi, beynəlxalq arenada ölkənin mövqeyini qorudu və Müzəffər Ali Baş Komandan kimi xalqın qəlbində əbədi yer aldı.
44 günlük müharibədən sonra da Azərbaycanın uğurları davam etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu, separatzmin kökü kəsildi. Bunun ardınca 2024-cü ilin 20 sentyabrında Dövlət Suverenliyi Günü təsis edildi. Bu hadisələr Azərbaycanın müstəqillik tarixində yeni mərhələ açdı və xalqımızın əbədi qalib xalq olduğunubir daha sübut etdi. Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qayıdış prosesi reallaşdırılır, kəndlər, şəhərlər yenidən tikilir, yollar, məktəblər, xəstəxanalar inşa edilir. Bulayihələr yalnız iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyır. Çünki bu torpaqlara həyatın qayıtması xalqımızın tarixi ədalətinin bərpasıdır.
Müasir Azərbaycan xalq-iqtidar birliyi, Ulu Öndər Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində regionda sülhün və inkişafın təminatçısıdır. Azərbaycan artıq öz taleyiniyalnız özü müəyyənləşdirən, güclü dövlət, qalib xalq olaraq dünya tarixində yerini möhkəmləndirib. Ulu Öndər Heydər Əliyevin adı xalqımızın qəlbində əbədi yaşayır. Onun siyasi məktəbi bütün gələcək nəsillər üçün yol göstəricisidir. Prezident İlham Əliyev isə bu irsi uğurla davam etdirərək Azərbaycanı ZəfərlərdənZəfərlərə aparır. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev irsinin və Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. 3 oktyabr tarixi isə bütün bunların başlanğıcı kimi xalqımızın yaddaşında daim yaşayacaq. Bu tarix dövlətimizin xilası, xalqımızın qurtuluşu, müstəqilliyimizin əbədiliyi, zəfər yolumuzun başlanğıcıdır. Azərbaycan xalqı bu günühəm də gələcək nəsillərə örnək kimi ötürəcək. Çünki bu tarixdə qəbul olunan qərar təkcə bir seçkinin nəticəsi deyil, bir millətin taleyini, dövlətin gələcəyini müəyyənləşdirən qürur günüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə