"Prezidentin nitqi siyasi bəyanat kimi yadda qaldı" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış həm məzmun, həm də mesaj baxımından mühüm əhəmiyyət kəsb etdi. Çıxışda ilk növbədə Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti və bunun nəticəsində yaranan humanitar fəlakətlər xatırladıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin müharibədən sonra göstərdiyi siyasi iradə və sülh təşəbbüsləri vurğulandı:

"Cənab Prezident açıq şəkildə bildirdi ki, Azərbaycanın məqsədi qalibiyyət üzərində yeni münaqişə deyil, dayanıqlı sülh və regional əməkdaşlıqdır. Bu kontekstdə sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar və yeni kommunikasiya layihələri Azərbaycanın regionda stabilizasiyaedici rolunu təsdiqləyir.

Digər mühüm xətt isə Azərbaycanın qlobal gündəlikdə artan çəkisi ilə bağlı idi. COP29-a ev sahibliyi etməsi, iqlim maliyyəsi ilə bağlı “Bakı Maliyyə Hədəfi”nin elan olunması, həmçinin enerji təhlükəsizliyi məsələlərinə dair mesajlar Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha göstərdi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, dünya hələ uzun müddət fosil yanacaqlardan tam imtina edə bilməz, buna görə də Azərbaycan həm ənənəvi enerji daşıyıcılarında, həm də bərpaolunan enerji sahəsində mühüm rol oynayacaq. Çıxışda humanitar mövzular da önə çəkildi. Mina təhlükəsi, itkin düşənlərin taleyi, azad edilmiş ərazilərdə bərpa prosesləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bu, Azərbaycanın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda humanitar məsuliyyət daşıyan dövlət kimi təqdim edilməsinə xidmət etdi.

Ümumilikdə, cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın ədalətli mübarizə nəticəsində qazandığı qələbədən sonra quruculuq, əməkdaşlıq və qlobal proseslərdə fəal iştirak kimi yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu nitq Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər açan siyasi bəyanat kimi yadda qaldı".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə