"Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşdır" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan coğrafi olaraq Avropa ailəsinin bir üzvüdür. Uzun illər ərzində Azərbaycan Avropa Şurasının üzvü kimi digər üzv dövlətlərlə sıx və məhsuldar əməkdaşlıq qurmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Avropa Şurasının sərgilədiyi qərəzli mövqe bu münasibətlərə müəyyən mənada mənfi təsir göstərib: “Bununla belə, Azərbaycan bu gün Avropa İttifaqının 10 üzv dövləti ilə ikitərəfli formatda səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Avropa dövlətlərinin liderləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasəti, dövlətin milli maraqlara əsaslanan mövqeyini aydın şəkildə görməkdədirlər. Bu, həm də Azərbaycanın suveren və prinsipial siyasətinin göstəricisidir. Enerji sahəsində Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşdır. Təbii qaz və neft ehtiyatları ilə yanaşı, alternativ enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Bu istiqamətdə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış sazişlər strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi və enerji böhranı fonunda Azərbaycanın sabitliyi və iqtisadi potensialı daha da ön plana çıxır: “Məhz bu səbəbdən Avropa Azərbaycan ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır. Nəticə etibarilə, Azərbaycan Avropa üçün vacib strateji tərəfdaş olaraq qalmaqdadır. Avro-Atlantik inteqrasiya prosesinə verdiyi önəm və Avropa ilə münasibətlərin yüksək səviyyədə davam etməsi bu mövqeyin möhkəmləndiyini göstərir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə