“İlk dəfə olaraq iki ölkə arasında birbaşa konkret və işgüzar danışıq baş tutub”
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş bir sıra mühüm məqamları ilə daha aktual xarakter alıb. İlk növbədə ona görə aktual görüş kimi qiymətləndirilməlidir ki, iki ölkə arasındakı sülh müqaviləsinin imzalanması üçün səmərəli müzakir aparılıb. Çünki bu görüşə qədər hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir çox detallar işlənilib hazırlanıb. Demək bu görüş artıq həlledici qərar üçün hazırlıq məqsədi daşıyır. Xüsusi bu görüşün ənənəvi məkanlarda deyil, Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi də konkret qərarların qəbuluna olan ümidləri çoxaldır. Əlbəttdə bu görüşdən sonra sülh sazişinin imzalanması üçün hansı addımların atılacağı da önəmli məsələdir. Yəni prosesin hərəkətliliyi Əbu-Dabidə keçirilən görüşünün məhsuldarlığına qiymət vermək baxımından önəmlidir.
Digər vacib bir məqama diqqət çəkib ki, hazırda Ermənistandakı Rusiyameylli revanşistlər, N.Paşinyana düşmən kəsilənlər bu görüşün ABŞ-ın təşkilatçılığı ilə keçirildiyi barədə fikirlər səsləndirir, qəbul ediləcək hansısa konkret qərar halında İrəvanda N.Paşinyanı vətən xaini elan etməyə hazırlaşırlar. Əlbəttdə, bu sadəcə ənənəvi erməni xəstəliyinin təzahürüdür. Lakin həm də uzun illərdir erməni siyasətində və cəmiyyətində gənə kimi yapışmış xəstə streotiplərin son çırpıntılarıdır. Çünki Ermənistanda ağlı başında olan istənilən şəxs anlayır ki, artıq zaman əməkdaşlıq, inteqrasiya və sürətli inkişafdan yararlanmaq zamanıdır. Ermənistanı əsrin zibilliyində saxlamaqla hökmranlıq etmək xülyası gülünc bir xülyadır. Bütün bu siyasi tullantıların revanşist cəhdləri bölgədəki real siyasi gerçəklik qarşısında fiaskoya məhkumdur. Xüsusilə bu görüşə qədər Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə etdiyi səfəri və Azərbaycanın Xankəndidəki ECO Zirvə görüşündə Türkiyə, Pakistan və İran kimi bölgə dövlətləri ilə aparılan danışıqları qeyd etmək istəyirəm. Yəni artıq İran da Zəngəzur dəhlizi barədə əvvəlki radikal etiraz tonunu saxlamayıb. O da bölgədəki siyasi gerçəklikləri anlamağa başlayıb.
Görüş barədə yekun məlumatda deyilir ki, “Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.” Bu məlumat aparılan danışıqların artıq işgüzar və konkret xarakter aldığını aydınca təsdiqləyir. Üstəlik N.Paşinyan da Azərbaycanla sülh müqaviləsi imzalamağa, hakimiyyətini gücləndirmək, qarşıdakı seçkilərə daha optimist şəkildə daxil olmağa və bölgədəki proseslərə inteqrasiya etməyə əvvəlki vaxtlardan daha istəkli görünür. Çünki İrəvandakı revanşistləri və daşnak yuvasına çevrilmiş kilsə keşişlərini zərərsizləşdirmək üçün əməli fəaliyyətə keçən hazırkı hakimiyyət başçısı həm də erməni xalqına apardığı siyasətin düzgünlüyünü çatdırmaq, Ermənistanı iqtisadi blokadadan çıxarıb ölkəsinin iqtisadi inkişafına start verməyə çalışır.
Bu sonuncu qeyd etdiklərim artıq Ermənistan daxilindəki siyasi mübarizənin əsas məqsədidir. Bu gün N.Paşinyan siyasi gerçəkliyə uyğun siyasət yürüdür, revanşistlər və kilsədəkilər isə bunun tam əksini edir və Ermənistanı iqtisadi blokadada boğub ənənəvi erməni xəstəliyinə çevrilmiş “böyük Ermənistan” faşizm təxəyyülü üçün çalışırlar. Məncə çox tezliklə Ermənistanın öz daxilində Azərbaycanla sülh müqaviləsi imzalamaq, kommunikasiyaları açmaq və Ermənistanı iqtisadi layihələrə birləşdirmək istəyənlər qələbə qazanacaqlar. Çünki gerçək siyasət bunu diktə edir.Azərbaycan isə sülh gündəliyinə sadiqdir. Həmişə olduğu kimi...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə