Dövlət qurumlarının qaynar xəttləri necə fəaliyyət göstərir? - SORĞU

Bəzən hər hansısa sual və ya problemlə bağlı dövlət qurumlarının qaynar xəttlərinə zəng etməli oluruq. Ancaq bəzi dövlət qurumlarının qaynar xəttlərinə zəng etdikdə, uzun müddət vətəndaşlar xədtə gözləyir, lakin operatorlar cavab vermirlər.

SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Şamil Şamilov: “İndi elə bir dövrdə yaşayırıq ki, hər kəs sosial mediada, ənənəvi mediada, dövlət qurumlarını ittiham edir. Sanki dövlət qurumunu ittiham etmək qəhrəmanlıqdır. Mən demirəm ki, dövlət qurumları ideal vəziyyətdədir. Mənim bu yaxınlarda Azərsu ilə bağlı problemim olmuşdu. Azərsu-nun qaynar xəttinə zəng etdim problemimi bildirdim. Elə həmin gün axşam saatlarında yaşadığım evə gəlib Azərsu əməkdaşları problemi aradan qaldırdılar”.

Şəhər sakini Leyla Qasımova: “Dövlət qurumlarının qaynar xəttləri çox gözəl işləyir və mənim heç bir narazılığım yoxdur. Sadəcə olaraq zəng edən vətəndaşların sayı çox olduğu üçün dövlət qurumlarının qaynar xəttlərinə zəng edən zaman xətdə gözləməli oluruq. Məsələn, mən ərizə yazıb ev telefonundan imtina etmişdim. Ancaq yenidən müraciət edib Aztelekom-a ərizə yazdım və dərhal gəlib ev telefonunu bərpa etdilər”.


Şəhər sakini Fərhad Əsgərov: “Azərenerjinin qaynar xəttinə günlərlə, həftələrlə düşmək mümkün deyil. Digər dövlət qurumlarının qaynar xətt nömrələrini internetdən tapıb əlaqə saxlayırıq robot cavab verir ki, bu nömrə təyin olunmayıb. Sual olunur: işləməyən nömrəni dövlət qurumu niyə internetə yerləşdirir. Qaynar xətdə zəngə cavab verən operatorlar müraciəti başqa şəxslərə yönləndirirlər. Ancaq nəticədə heç bir şey dəyişmir. Fövqaladə Hallar Nazirliyinin qaynar xəttindən mənə yeddi nömrə verdilər. Lakin verdikləri nömrələrin heç biri cavab vermirdi. Axırda əsəbi halda bildirdim ki, bu nə hərəkətdir edirsiniz. Şikayətimə heç bir məhəl qoyulmadı. Ümumiyyətlə problemimlə bağlı heç bir nəticə əldə edə bilmədim. Sadəcə olaraq biabırçılıqdır”.

Şəhər sakini Leyla Azərqızı: “Dövlət qurumlarının qaynar xətlərinə müraciət etdikdə müraciətlərimiz cavabsız qalır. Bəzən dövlət qurumlarının operatorları tərbiyəsizlik edirlər. Belə olan halda operatordan tələb edirəm ki, özünüzü təqdim edin. Lakin operatorlar özlərini təqdim etmək istəmirlər. Operatorlar açıq aşkar bildirirlər ki, gedin hara istəyirsiniz şikayət edin. Mən də həmin qurumdan yuxarı orqanlara şikayət etdim. Onlar da mənə yalandan bildirdilər ki, tədbir görəcəyik. Ancaq heç bir tədbir görmədilər”.

Şəhər sakini Mədinə Əliyeva: “Yay aylarında Azərişığa zəng etmişdik. Bir saata yaxın xətdə gözlədik və zəngimizə heç kim cavab vermədi. Sadəcə bir saata yaxın vaxt ərzində melodiyaya qulaq asmalı olduq. Nəticə etibarı ilə problemim nəinki həll olunmadı, ümumiyyətlə zəngimizə cavab verən olmadı”.

Şəhər sakini Cavidan Həsənov: “Bəzi hallarda dövlət qurumlarının qaynar xəttinə zəng etdikdə cavab verilmir. Saatlarla xətdə gözləməli oluruq. Bu məsələ ilə bağlı bir tədbir görülməlidir. Çünki vətəndaşın təcili müraciəti ola bilər. Vətəndaş dövlət qurumunun qaynar xəttinə zəng edən zaman vətəndaşın zənginə dərhal cavab verilməlidir”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə