”Bu, dövlətlərin ərazi bütövlüyünün təhlükə altına düşməsinə səbəb olacaq” - ŞƏRH EDİLDİ

“ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən 28 maddəlik sülh planının Rusiya tərəfindən qəbul edilməsi, təbii ki, beynəlxalq hüququn pozulması deməkdir. Bu plan Ukraynanın silahsızlaşdırılmasını nəzərdə tutur və göründüyü kimi, Rusiya da öz işğalçılıq siyasətinə başlayarkən bunu əsaslandırmaq üçün eyni arqumenti – Ukraynanın silahlandırılmasını – irəli sürürdü”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Donald Trampın planı da məhz bu məntiq üzərində qurulub və bu ərazilərdə Rusiyanın möhkəmlənməsini nəzərdə tutur:

“Əgər bu plan qəbul olunarsa və digər ölkələrə də öz ərazilərini işğal edib, sonra bunu qanuniləşdirmək imkanı verilərsə, bu, beynəlxalq hüququn zəifləməsinə və ümumiyyətlə, dünya üçün çox təhlükəli presedentlərin yaranmasına gətirib çıxarar. Buna görə də həm beynəlxalq hüquq normaları, həm də Avropa dövlətləri və NATO bu plana qarşı çıxır.

Bu plan ABŞ və Rusiya tərəfindən hazırlanıb, lakin artıq Avropa İttifaqı tərəfindən alternativ bir yanaşma ortaya qoyulub – 19 maddədən ibarət yeni bir plan təklif edilib. Görünən odur ki, Rusiyanın təklif etdiyi plan qəbul olunmayacaq və hesab edirəm ki, ABŞ Avropa ilə birlikdə Rusiyanı təzyiq altında saxlamaq üçün yeni bir həll planı hazırlayacaq. Çünki Rusiya bu prosesi yalnız təzyiq və güc yolu ilə öz xeyrinə dəyişməyə çalışır. Amma Qərb alyansı bu yolla gedərsə və ərazi güzəştlərini qəbul edərsə, bu, gələcəkdə beynəlxalq siyasi nizamın və dövlətlərin ərazi bütövlüyünün təhlükə altına düşməsinə səbəb olacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə