Ailə – insan ruhunun ilk məktəbi

İnsan dünyaya gözlərini açanda qarşısında gördüyü ilk səhnə bir ev olur. O evdəki səs tonu, baxışlar, susqunluqlar, gülümsəmələr və bəzən də göz yaşları onun ruhuna ilk izləri həkk edir. Biz çox zaman gələcəyimizi məktəblə, diplomla, karyera ilə əlaqələndiririk. Amma əslində insanın necə biri olacağını müəyyən edən ən güclü qüvvə ailə içində aldığı hisslərdir.

Uşaq üçün ailə sadəcə sığınacaq deyil, güvən deməkdir. Orada öyrənir ki, sevgi nədir, qorxu nədir, susmaq nə deməkdir, bağışlamaq necə olur. Ananın şəfqətli səsi, atanın qoruyucu əlləri, ailə süfrəsindəki səmimiyyət – bunların hər biri uşağın daxilində səssiz, lakin dərin bir dünya qurur. O dünya gələcəkdə onun sevgiyə baxışını, insanlara münasibətini, özünə verdiyi dəyəri formalaşdırır.

Sevginin və anlayışın hökm sürdüyü ailədə böyüyən uşaq həyatın çətinliklərinə qarşı daha güclü olur. Çünki o bilir ki, arxasında onu anlayan, dinləyən bir səs var. Belə bir mühitdə böyüyən insan özünü ifadə etməkdən qorxmur, hisslərini boğmur, sevgi göstərməkdən çəkinmir. O, mübahisəni qışqırıqla deyil, sözlə həll etməyi öyrənir. Çünki bunu evində görüb.

Amma hər ev istilik yuvası olmur... Bəzən divarların arxasında soyuqluq gizlənir. Bəzən uşaq ilk dəfə qorxunu ailədə tanıyır. Qışqırıqlar, susqunluqlar, təhqirlər, biganə baxışlar... Bunlar onun körpə qəlbində görünməz yaralar açır. O yaralar böyüdükcə ömrün müxtəlif dönəmlərində özünü ya aqressiya, ya da dərin bir susqunluq kimi göstərir. Belə ailələrdə böyüyən uşaqlar bəzən sevginə layiq olmadığını düşünür, bəzən də sevgini səhv ünvanlarda axtarır.

Valideynin sərt baxışı, diqqətsizliyi və ya həddindən artıq nəzarəti uşağın ruhunu daraldır. O, öz istəklərini gizlətməyə, susmağa, içində yaşamağa başlayır. Halbuki bir uşağın ən çox ehtiyac duyduğu şey - başa düşülməkdir. Dinlənməkdir. Dəyərli hiss etməkdir.

Ailə insanın ilk güzgüsüdür. Uşaq özünü ilk dəfə o güzgüdə tanıyır. “Mən kiməm?”, “Mən dəyərliyəmmi?” suallarının cavabını valideynlərinin davranışında tapır. Ona verilən sevgi, qayğı və hörmət - onun özünə verdiyi dəyərin təməlidir.

Zaman keçəcək, uşaq böyüyəcək, evdən uzaqlaşacaq. Amma ailədə gördüyü münasibətlər onun ruhunun bir parçası kimi həmişə onunla qalacaq. Sevinəndə də, sevəndə də, qorxanda da... Çünki hər bir insanın davranışının arxasında görünməyən bir ailə hekayəsi var.

Bəziləri sevgi ilə yazılıb, bəziləri isə sükutla...

Və biz kim olur-olsun, harada yaşasaq da, içimizdə daşıdığımız o ilk evin izlərini ömrümüz boyu silə bilmirik. Çünki ailə – insanın taleyinə yazılan ilk cümlədir...

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə